AZ

Müəllim “sual çətindir” deməməlidir, bu, müəllimə yaraşan xüsusiyyət deyil AÇIQLAMA

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

"Ötən il keçirilən sertifikasiya imtahanında da eyni şəkildə müəllimlərin bir qrupunun narazılığı var idi. Bu il də Fizika, Kimya, İnformatika imtahanlarında narazı olan müəllimlər var".

Bu fikirləri Redaktor.az-a danışan təhsil eksperti Ramin Nurəliyev müəllimlərin sertifikatlaşdırma prosesindən narazılıqlarından danışarkən bildirdi.

Onun sözlərinə görə, bu narazılıqlar sosial platformalarda dilə gətirilir:

"Şəxsi fikrimdir ki, müəllim “suallar çətindir” deməməlidir. Bildiyim qədərilə bir çox müəllimlər belə səsləndirir. Əslində suallara verilən vaxt düzgün bölünmür. Çətin sual verilirsə, suala uyğun vaxt da verilməlidir. Müəllim “sual çətindir” deməməlidir. Niyə? Çünki şagird sabah həmin çətin mövzudan sual gətirdiyi zaman nə deyəcəksiniz? “Sual çətindir, cavabını bilmirəm, asan sual gətirin?” Bu, artıq müəllimə yaraşan xüsusiyyət deyil".

Ramin Nurəliyev hesab edir ki, imtahanın ümumi gedişatı tənqid oluna bilər.

"Hesab etmirəm ki, hansısa fənndə verilən bütün suallar çətin olsun. Bütün suallar çətin olmaz, sualların içərisində çətin suallar olar. Sən müəllimsən, sən auditoriyada həmin çətin suallarla qarşılaşa bilərsən. Müəllim şagirdin verdiyi sualı həll edib cavabı bildirməlidir. Elm və təhsil naziri də o dəfə qeyd etdi ki, sən müəllimsən, sənə çətin sual da verilə bilər. Amma bəli, imtahanda suallara verilən vaxt bölgüsü düzgün təmin olunmalıdır. Bildiyim qədərilə sertifikasiya imtahanlarında vaxt məsələsinə diqqət ediləcək. Çünki MİQ imtahanında müəyyən dəyişikliklər həyata keçirildi. Hesab edirəm ki, sertifikasiya məsələsinə də xüsusi diqqət ayrılacaq. Sertifikasiya imtahanı ilə böyük uğur əldə etdik. Ümumtəhsil məktəblərimizdəki gedişatı gördük. Müəllimləri tanıdıq. Bu imtahanı hamımız dəstəkləməliyik. İradlar üçün apelyasiya təşkil edilməlidir", - deyə təhsil eksperti əlavə etdi.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
27
redaktor.az

10Mənbələr