ABŞ-nin Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə endirdiyi zərbələrə rəğmən, İran geri çəkilmək niyyətində deyil. Bu barədə İslam Respublikasının Atom Enerjisi Təşkilatının yaydığı rəsmi bəyanatda bildirilir.
Bəyanatda qeyd olunur ki, hücum beynəlxalq hüququn, xüsusilə də Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NSYM) açıq şəkildə pozulmasıdır:
“Düşmən, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nəzarəti altında olan obyektlərə hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Biz beynəlxalq ictimaiyyətdən bu qanunsuzluğu pisləməyi və İranın nüvə sahəsindəki qanuni hüquqlarını müdafiə etməyi gözləyirik.”
Təşkilat əlavə edib ki, "düşmənlərin məkrli planlarına baxmayaraq", ölkənin alim və mütəxəssisləri nüvə sənayesini inkişaf etdirməyə davam edəcək və bütün zəruri, o cümlədən hüquqi addımlar atılacaq.
Bu arada İsrailin xarici işlər naziri Gideon Sa’ar ABŞ Prezidenti Donald Trampın qərarını alqışlayaraq onu “qızıl hərflərlə tarixə düşəcək cəsarətli addım” adlandırıb. O, Baş nazir Benyamin Netanyahunun bu “tarixi addıma” rəhbərlik etdiyini bildirib.
Öz növbəsində, Tramp isə hücumdan sonra “Truth Social” platformasında yaydığı açıqlamada İranı açıq şəkildə hədələyib:
“ABŞ-a qarşı İranın istənilən cavab hücumu bu gecə gördüklərinizdən qat-qat böyük güclə cavablandırılacaq.”
Qeyd edək ki, bu hadisədən cəmi bir neçə gün əvvəl İsrailin İrana endirdiyi hücum zamanı Tramp administrasiyası məsuliyyəti üzərindən ataraq bunu “İsrailin birtərəfli əməliyyatı” adlandırmışdı. Amma indi ABŞ münaqişədə birbaşa iştirakçıya çevrilib.
Analitiklər qeyd edirlər ki, Tramp bu zərbələrin “bir dəfəlik” olacağına ümid edir. Lakin İranın reaksiyası hələ məlum deyil. ABŞ prezidentinin rejim dəyişikliyi ssenarisinə açıq şəkildə toxunmaması diqqətdən yayınmır. Lakin ardıcıl xəbərdarlıqlar onu deməyə əsas verir ki, Tramp sülh əldə olunmasa, qarşıdakı hücumların daha sürətli və dağıdıcı olacağını nəzərdə tutur.
Hazırda isə əsas sual budur: Vaxtilə xarici müdaxilələrdən uzaq duracağını vəd edən Tramp, indi tarixdə ən təcridçi ABŞ prezidenti kimi yeni bir Yaxın Şərq müharibəsinə sürüklənirmi?
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta