
ABŞ lideri Tehrana qarşı "qamçı və kökə" siyasətinə keçid edib - iki fərqli mövqe
"Gələn (bu - red.) həftə biz İranla danışıqlar aparacağıq, saziş imzalaya bilərik. Tehranın sülhsevər siyasət yürüdəcəyi təqdirdə İrana qarşı sanksiyalar ləğv edilə bilər". "Yeni Müsavat" bildirir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. O qeyd edib ki, İranla nüvədən başqa razılaşma onu maraqlandırmır.
"Əgər onlar sülhpərvər ola və bizə daha heç bir zərər verməyəcəklərini nümayiş etdirə bilsələr, mən sanksiyaları ləğv edəcəyəm. İrana qarşı sanksiyalar rejiminin ləğvi "böyük əhəmiyyət kəsb edə bilər", - Ağ Ev rəhbəri bildirib.
ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoff isə deyib ki, yaxın bir neçə gün ərzində İran hakimiyyəti ilə Tehranın nüvə proqramı ilə bağlı mümkün razılaşma üzrə danışıqlar aparacaq. Bildirilir ki, danışıqların mövzusu Tehrana qarşı sanksiyaların yumşaldılması müqabilində İranın uranın zənginləşdirilməsini dayandırması olacaq. Danışıqların yeri və İran tərəfinin təmsilçilik səviyyəsi barədə hələlik məlumat verilməyib.
Bundan əlavə, CNN məlumat yayıb ki, ABŞ İranın uranın zənginləşdirilməsindən imtina etməsinin qarşılığında dinc nüvə proqramı üçün 30 milyard dollarlıq kömək etmək imkanını müzakirə edir. Başqa sözlə, böyük sülh naminə böyük bazarlıq? Tehran razılaşarmı? İranın qərarı nə olacaq?
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi isə xəbərdarlıq edib ki, İran nüvə proqramının bəzi komponentlərini saxlayıb və bir neçə aya uranın zənginləşdirilməsini bərpa edə bilər. O, ABŞ və İsrailin İrandakı obyektləri vurmasından sonra İranın nüvə proqramının hansı komponentlərini saxladığını bildirib: "Aydındır ki, ciddi ziyan vurulub, lakin birincisi, bu, tam zərər deyil. İkincisi, İranın potensialı var. Sənaye və texnoloji potensial. Əgər istəsələr, bunu yenidən etməyə başlaya bilərlər".
MAQATE-nin baş direktorunun sözlərinə görə, İran Fordo, Natanz və İsfahanda "uranı emal etmək, çevirmək və zənginləşdirmək üçün müəyyən imkanlara malik olub və hələ də var". Qrossi əlavə edib ki, bu obyektlər "əsasən dağıdılıb", lakin "onlardan bəziləri qalıb".
İran prezidenti Məsud Pezeşkian deyib ki, "Tehran İsrailin də təşəbbüsə qoşulması şərti ilə nüvə və kütləvi qırğın silahlarından azad zona yaratmağa hazırdır".
Mümkündürmü? Ümumiyyətlə, atəşkəsdən sonra proseslər hansı səmtdə inkişaf edir? İran təzədən "viran yolu"namı qayıdır? Onun yenidən uranı zənginləşdirmək potensialı qalıbmı?
Aydın Quliyev
Siyasi şərhçi Aydın Quliyev "Yeni Müsavat"a bildirdi ki, ABŞ-İran münasibətlərində əsas proseslər pərdə arxasında gedir: "Üzdə dünyanın, ictimaiyyətin gördüklərinin yalnız formal ifadəsi var. Əsas məsələlər qapalı danışıqlarda baş verir. Öncə İrana böyük basqılar, ardınca hava zərbələri, nüvə potensialının məhv edilməsi və bunun ardınca da danışıqlar masasına əyləşilməsi taktikası seçildi. Tramp bu taktika ilə İranı qorxutmaq və istədiklərini qəbul etdirməyi hədəfləmişdi. Tramp bununla həm də İranla Rusiyanı bir-birindən ayırmağa çalışır. Bunun nə ilə nəticələnəcəyini indidən söyləmək çətindir. Yəni Trampın İranı Rusiyadan ayırmaq cəhdləri nə dərəcədə uğurlu olacaq, ya olmayacaq bunu söyləyə bilmərik. Amma ehtimallarıma görə, bu gün ortada olan ssenarinin əsas hədəflərindən biri də məhz bundan ibarətdir. İranın özü də Rusiyadan bir balaca küskün kimidir. Çünki Rusiya ən çətin anda, ən həlledici məqamda İrana nəinki real əməli dəstək göstərmədi, eyni zamanda İrana hərbi yardım göstərmək üçün bir rəsmi razılaşmanın olmadığını Moskva dərhal bəyan elədi. İran Rusiyanın ən son anda necə davrandığını gördü və ağır zərbə aldı".
Ekspertin sözlərinə görə, Amerika ilə üz-üzə dayanmanın mənasız olduğunu İran artıq dərk edir: "Belə şəraitdə İranın pərdə arxasında Amerika ilə razılaşmaq, nüvə texnologiyasını dinc şəkildə inkişaf etdirmək üçün Vaşinqtondan qarantiya almaq, dinc nüvə proqramını ABŞ-ın himayəsi altına keçirməsi kimi perspektivlər mümkündür. İranın bu gün nə qədər aqressiv reaksiya verməyinə baxmayaraq inadkarcasına müqavimət göstərib "mən nüvə silahı yaradacağam" deyib buna uyğun addımlar atmasının İran üçün hansı fəlakətlər gətirəcəyini artıq başa düşürlər. Ona görə də böyük ehtimalla İranın dinc nüvə texnologiyasına sahiblənmək, ancaq bunun Qərbin və Amerikanın nəzarəti altında edilməsi ilə razılaşması mümkündür. Burada yeganə mübahisəli məsələ qalır ki, o da İranın qoyduğu İsrailin də nüvə texnologiyasının nəzarətə götürülməsi şərtidir. Ancaq bunun da ətrafında müəyyən razılaşmalar ola bilər. Ona görə də İrana qarşı sanksiyaların mərhələ-mərhələ ləğv edilməsi də realdır".
Oqtay Qasımov
Politoloq Oqtay Qasımov isə bildirdi ki, İsrail-İran savaşı və Amerikanın İrana endirdiyi zərbələrdən sonra yeni maraqlı vəziyyət yaranıb. Belə ki, öncə hər üç tərəf qələbə qazandığını iddia etdilər və bu barədə İrandan daha çox bəyanatlar oldu: "Şübhəsiz ki, Donald Trampın bəyanatları da müəyyən reaksiyalar yaratdı. O bəyan etdi ki, İranın nüvə potensialı məhv edilib, artıq onların uzun illər bu proqrama qayıtmaq imkanları yoxdur. Amma İran tərəfi fərqli fikirlər söyləyir. Aydın olan budur ki, bu məsələdə ciddi şəkildə qeyri-müəyyənlik var və həm də sanki təbliğat savaşı davam etməkdədir. Trampın da proqnozlaşdırılmayan bir şəxs olduğunu qeyd etməklə bərabər onun tez-tez fikrini dəyişməsi və eyni hadisəyə müxtəlif reaksiyalar verməsi də nəzərə alınarsa, qarşıdakı dönəmin necə olacağını proqnozlaşdırmaq mürəkkəbdir. Amma ümumən görünən odur ki, tərəflər masa ətrafında müzakirə aparmağa meyllidirlər. Sadəcə olaraq, burada təşəbbüsün kimdən gəlməsi və "sifəti" qorumaq şərti ilə masaya oturmaq kimi gözləntilər var. ABŞ prezidenti NATO sammiti zamanı İrandan gələn bəyanatlara da münasibət bildirdi və dedi ki, İran sülhə gəlməyəcəksə və nüvə proqramını, uranın zənginləşdirilməsini davam etdirəcəksə bundan sonra da İrana zərbələr istisna deyil. Hazırda Tramp İranı danışıqlar masasına gətirmək və onun nüvə proqramından imtinasının qarşılığında sanksiyaların götürülməsi, yaxud dinc nüvə proqramı üçün yardımlar edilməsi kimi təkliflər irəli sürür. Bu isə qamçı-kökə siyasəti kimi də dəyərləndirilə bilər".
Politoloq qeyd etdi ki, Tramp İranla böyük savaşda maraqlı deyil. Məsələni danışıqlar yolu ilə həll etməyə çalışır: "Əgər bu danışıqlar baş tutmayacaqsa, o zaman İrana yenidən zərbələrin endirilməsi gündəmə gələ bilər. Bu ehtimal xeyli yüksəkdir. Qarşıda bizi çox mürəkkəb bir dönəm gözləyir".