ABŞ-ın süni intellekt şirkəti "Anthropic" əmək bazarında baş verə biləcək dəyişikliklərə və AI-nin iqtisadi təsirlərinə hazırlıq məqsədilə "Economic Futures Program" adlı yeni təşəbbüsə start verib.
Valyuta.az xəbər verir ki, proqram süni intellektin həm müsbət, həm də mənfi nəticələrini araşdıran tədqiqatlara dəstək verməyi və bu dəyişikliklərə uyğun siyasət təkliflərinin hazırlanmasını hədəfləyir.
"Anthropic" şirkətində siyasət proqramları üzrə rəhbər Sara Hek bildirib ki, proqramın əsas məqsədi süni intellektin reallıqda necə təsir etdiyini anlamaqdır: “Əgər doğrudan da iş yerləri itirilirsə, bu barədə düşünmək və kollektiv şəkildə həll yolları axtarmaq lazımdır. Əgər süni intellekt iqtisadi artıma səbəb olursa, o zaman bu artımı düzgün istiqamətləndirmək vacibdir”.
Proqram şirkətin fevral ayında istifadəyə verdiyi və AI-nin əmək bazarına təsirini anonim və açıq məlumatlarla təhlil edən Economic Index təşəbbüsünün davamı kimi təqdim olunur.
"Economic Futures Program" üç əsas istiqaməti əhatə edir:
AI-nin əmək, məhsuldarlıq və dəyər yaradılması sahələrinə təsirini araşdıran tədqiqatçılar üçün 50 min dollara qədər qrantlar;
Siyasət təkliflərinin müzakirə olunacağı simpoziumlar (Vaşinqton və Avropada);
AI-nin iqtisadi istifadəsini və nəticələrini izləyən məlumat bazalarının yaradılması.
Şirkət həmçinin tədqiqatçılara Claude API imkanları və digər texniki dəstəklər təqdim edəcək. Hek qeyd edib ki, qrantların məqsədi qısa müddətdə (altı ay ərzində) real və empirik məlumatlar toplamaqdır. Elmi nəşr tələbi yoxdur, əsas odur ki, təhlillər əsaslı və praktik olsun.
Simpoziumlarda yalnız əmək bazarına deyil, süni intellektin geniş iqtisadi transformasiyalara təsiri – yeni peşə sahələrinin yaranması, bacarıqların dəyişməsi və fiskal siyasətə mümkün təsirlər kimi mövzular da müzakirə ediləcək.
Xatırladaq ki, "Anthropic" şirkətinin baş direktoru Dario Amodei bu ilin may ayında bildirmişdi ki, süni intellekt növbəti bir neçə il ərzində ofis işlərinin yarısını yox edə və işsizliyi 20 faizə qədər artıra bilər.
Sərvanə Rəmixanova