Son aylar sosial şəbəkələrdə süni intellekt vasitəsilə hazırlanan küçə reportajı formatında videoların sayı artmaqdadır. Bu videolarda real insan səsi və görüntüsünə bənzədilən personajlar saxta müsahibələr verir, qeyri-etik və ya cəmiyyətdə çaşqınlıq yaradacaq fikirlər səsləndirilir. Bir çox izləyici bu videoların montaj və süni intellektlə hazırlandığını anlamadan onların həqiqi olduğuna inanır.
Bu cür kontentlərin sürətlə yayılması, xüsusilə də informasiya ayırd etmə bacarığı zəif olan istifadəçilər üçün ciddi manipulyasiya riski yaradır. Eyni zamanda, ictimai rəyə təsir göstərmək, fərdləri və qrupları təhqir etmək və ya süni gərginlik yaratmaq məqsədilə istifadə oluna bilər.
Bəs süni intellektlə hazırlanan bu tip saxta videolar informasiya təhlükəsizliyi baxımından gələcəkdə hansı fəsadlara yol aça bilər?
Mövzu ilə bağlı İKT üzrə ekspert Elvin Abbasov Avtosfer.az-a açıqlamasında bildirib ki, süni intellektin geniş imkanları bir çox sahəyə fərqli təzahürlər verir və hal-hazırda blogerlər, jurnalistlər və ya fərdlər özləri süni intellekt alətlərindən istifadə edərək müxtəlif yanaşmalar edə bilirlər və öz fikirlərini nəyəsə bağlaya, əsaslandıra və ya manipulyasiya edə bilirlər:
“Bunun üçün də süni intellekt real təhlükə yaradır. Yalan məlumatların gerçəkmiş kimi göstərilməsi kimi bir çox hallar baş verir. Son aylarda da göründüyü kimi, artıq süni intellektlə küçə reportajları, olmayan insanlar, olmayan yerlər, olmayan şəhərlərdə müxtəlif fikirlər və bəzən ələ salma formasında, bəzən gerçəkmiş kimi savaş səhnələri və ya yaşlı insanların dedikləri atalar sözləri ilə, hər hansı bir fikir bəyanı kimi görürük. Bunların hər birisi real təhlükədir. Çünki bəzi insanlar virtuallığı reallıqdan ayıra, saxta məlumatı həqiqi məlumatdan seçə bilmir və bunu araşdırmadan birbaşa inanırlar”.
Ekspert əlavə olaraq qeyd edi ki, bunun üçün də süni intellektlə bu tip fəaliyyətlər cəmiyyətdə böyük çaşqınlıq yarada bilir:
“Təbii ki, bu daha sonra aşkarlanır, bilinir, amma ki, qısa müddətdə də olsa, insanlar buna inanırlar və gələcəkdə bu tip hallar daha çox artacaq. Görünən odur ki, süni intellekt əgər bir qaydaya oturmasa, bir qayda üzərində fəaliyyət aparılmasa - yəni hər hansı bir mexanizmlərlə süni intellektlə yaradıldığı müəyyən olunmasa, cəmiyyətdə böyük çaşqınlıq yaradacaq və təbii ki, gələcəkdə müəyyən problemlərə gətirib çıxaracaq.
Bu səbəbdən də dünyada süni intellektin etik istifadəsi üçün bir çox qaydalar, qanunvericiliklər, texnoloji imkanlar hazırlanır. Həmçinin, dövlətlər də öz ərazi bütövlüyü çərçivəsində süni intellektlə yayılan yalancı xəbərlərə kifayət qədər diqqətlə yanaşırlar və münasibət bildirirlər.
Məsələn, ötən illərdə Azərbaycan Prezidentinin adından hər hansı bir istiqrazların alışına çağırış yaradılmışdı süni intellektlə və buna dövlət müstəvisində cavab verildi. Bunun kimi bir çox hadisəyə artıq çox həssas yanaşılır”.
Elvin Abbasov son olaraq qeyd edib ki, əgər kütləviliyi əhatə edə biləcək hər hansı bir çaşdırıcı xəbər yayılırsa, artıq aidiyyəti qurumlar buna birmənalı şəkildə münasibət bildirir və yalan xəbərin çox yayılmamasına çalışırlar. Bununla yanaşı, süni intellekt geniş imkanlar verir, amma təhlükələri də onunla gəlir.
Eltac Zülfüqaroğlu