Azərbaycanın “Zirə” və “Araz-Naxçıvan” komandalarının Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibləri bəlli olub.
Arena.az xəbər verir ki, bu gün Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümünün 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
İsveçrənin Nyon şəhərində təşkil olunmuş püşkatma mərasimində Azərbaycan klublarının da rəqibləri müəyyənləşib. Premyer Liqamızın gümüş medalçısı “Zirə” “Hayduk”a (Xorvatiya) rəqib olub. Bakı təmsilçisi ilk matçı evdə keçirəcək. İkinci görüş səfərdə baş tutacaq.
Azərbaycan çempionatının bürünc medalçısı “Araz-Naxçıvan” isə “Aris”lə (Saloniki, Yunanıstan) üz-üzə gələcək. Naxçıvan klubu birinci qarşılaşmasını evdə, ikincini səfərdə keçirəcək.
Azərbaycan Kubokunun sonuncu qalibi “Sabah”ın da Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib. Bakı klubu Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Çelye”yə (Sloveniya) məğlub olacağı təqdirdə “Birkirkara” (Malta) – “Petrokub” (Moldova) cütünün qalibi ilə üz-üzə gələcək.
Bu cütdə Avropa Konfrans Liqasına düşəcək komanda ilk oyununu səfərdə keçirəcək.
“Sabah” Avropa Liqasının 1-ci təsnifat mərhələsində ilk oyununu iyulun 10-da evdə, cavab görüşünü isə 17-də səfərdə keçirəcək.
Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin matçları iyulun 24-də və 31-də keçiriləcək.