AZ

Andres İnyesta baş məşqçi təyin edildi – ARENA.AZ

İspaniya milli komandasının və “Barselona”nın karyerasını başa vurmuş əfsanəvi futbolçusu Andres İnyesta məşqçiliyə başlayıb.

Arena.az xəbər verir ki, 42 yaşlı mütəxəssis Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Qalf Yunayted” komandasının baş məşqçisi təyin edilib.

Bu barədə BƏƏ klubunun mətbuat xidməti məlumat yayıb. Klub mütəxəssislə uzunmüddətli müqavilə imzalandığını vurğulayıb.

Artıq A kateqoriyalı məşqçilik lisenziyasına sahib olan İnyesta yeni komandasında fəaliyyət göstərərək həm təcrübə toplayacaq, həm də ən yüksək dərəcəli, PRO kateqoriyalı lisenziyanı əldə etmək üçün çalışacaq.

2019-cu ildə əsası qoyulmuş “Qalf Yunayted” hazırda BƏƏ-nin səviyyəcə ikinci divizionunda mübarizə aparır.

Xatırladaq ki, Andres İnyesta peşəkar futbolçu karyerasını 2024-cü ilin sonunda bitirib. İnyestanın sonuncu komandası 2023-cü ilin avqustunda qoşulduğu və bir il formasını geyindiyi “Emireyts” (BƏƏ) klubu olub.

İnyesta futbola “Albasete” klubunda qədəm qoyub. Buradan 1999-cu ildə “Barselona”ya yol tapmış İnyesta 2002-ci ildə “blauqrana”nın heyətində böyük futbolda debüt edib.

İnyestanın karyerasının böyük hissəsi məhz Kataloniya klubu ilə bağlı olub. İnyesta “blauqrana”nın heyətində 674 oyun keçirib, 57 qol vurub, 135 məhsuldar ötürmə verib. 2018-ci ilin iyulunda İnyesta “Barselona”dan ayrılaraq, Yaponiyanın “Vissel Kobe” klubuna keçib.

Andres İnyesta 2006-cı mayında debüt etdiyi İspaniya yığmasının heyətində 131 oyuna çıxıb, 14 qol, 30 məhsuldar ötürmə ilə fərqlənib.

İnyesta İspaniyanın U-17 və U-19 yığmaları ilə müvafiq olaraq AÇ-2001 və AÇ-2002-nin qalibi olub. Həmçinin İnyesta İspaniya yığması ilə DÇ-2010-un, AÇ-2008 və AÇ-2012-nin qalibi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin:
Seçilən
9
3
arena.az

10Mənbələr