İspaniya çempionatının (La Liqa) 2026/27 mövsümünün sonuncu iştirakçısını müəyyənləşdirəcək pley-off oyunlarının iştirakçıları bəlli olub.
Arena.az xəbər verir ki, İspaniya Sequndasında sonuncu – 42-ci tur başa çatıb.
Mövsümün bitməsi ilə pley-off mərhələsindəki cütlüklər də məlum olub. Bu komandalar İspaniyanın yüksək divizionuna axırıncı vəsiqə uğrunda mübarizə aparacaqlar.
Müvafiq olaraq 3-6-cı yerləri tutmuş “Almeriya”, “Malaqa”, “Las Palmas” və “Kastelyon” pley-offa vəsiqə qazanıblar.
Yarımfinal cütlükləri aşağıdakı kimidir:
Almeriya – Kastelyon
Malaqa – Las Palmas
Bu komandalar arasında ilk oyunlar 6 və 7, cavab oyunları isə 9 və 10 iyunda olacaq. Çempionatda 3-cü və 4-cü yeri tutmuş komandalar cavab oyunlarını evdə keçirəcəklər. Hər iki oyundan və əlavə vaxtdan sonra heç-heçə olarsa, turnir cədvəlində daha yüksək yeri tutmuş komanda növbəti mərhələyə yüksələcəklər.
Bu iki oyunun qalibləri arasında final da iki oyun üzərində oynanılacaq. İlk oyun 14, cavab oyunu isə 20 iyunda keçiriləcək.
Xatırladaq ki, turnirdə ilk iki yeri tutmuş “Rasinq” və “Deportivo” komandaları birbaşa La Liqaya vəsiqə qazanıblar. “Malyorka”, “Jirona” və “Real Ovyedo” isə 2025/2026-cı illər mövsümünün yekunlarına əsasən La Liqa ilə vidalaşıblar.
