“Real”ın yarımmüdafiəçisi Arda Gülər UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün ən yaxşı gənc futbolçusu seçilib.
Arena.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Türkiyə millisinin də üzvü olan 21 yaşlı futbolçu Çempionlar Liqasının geridə qalmış mövsümündə Madrid təmsilçisinin heyətində ümumilikdə 14 matça çıxaraq 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Arda Gülər “Gənclərbirliyi”nin məzunudur. Türk yarımmüdafiəçi 2014-2019-cu illərdə “Gənclərbirliyi”nin akademiyasında yetişib, daha sonra “Fənərbağça”ya keçib. Gənc yarımmüdafiəçi 2023-cü ilin iyul ayında “Fənərbağça”dan 20 milyon avro məbləğ müqabilində tamhüquqlu əsasda “Real”ın düşərgəsinə transfer edilib. Gülərin “Real”la müqaviləsinin müddəti 2029-cu il iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış mövsümdə Gülər “qaymaqlılar”ın heyətində bütün yarışlarda 51 oyuna 6 qol və 14 məhsuldar ötürmə ilə fərqlənib.
Türk futbolçunun “kral klubu”nun heyətində çıxışının ümumi mənzərəsi 112 oyun, 18 qol və 25 məhsuldar ötürmədən ibarətdir.
Arda Gülər 2022-ci ilin noyabrında debüt etdiyi Türkiyə yığmasının heyətində 28 oyuna çıxıb, 6 qol vurub və 7 məhsuldar ötürmə verib.
Arda Gülərin qənimətlər muzeyində “Fənərbağça” ilə qazandığı Türkiyə Kuboku (2022/2023), “Real”la qazandığı İspaniya La Liqası (2023/2024), İspaniya Super Kuboku (2023/2024), UEFA Çempionalar Liqası (2023/2024), UEFA Super Kuboku (2024/2025) və FIFA Qitələrarası Kubok (2024/2025) var.
“Transfermarkt” internet-portalı 21 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.
