AZ

İbrahima Konate “Liverpul”u tərk etdi – Rəsmi – ARENA.AZ

Futbol üzrə Fransa yığma komandasının və “Liverpul”un mərkəz müdafiəçisi İbrahima Konate İngiltərə klubundan ayrılmağa qərar verib.

Arena.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Mərkəz müdafiəçisinin “qırmızılar”la müqaviləsinin müddəti iyunun sonunda bitəcək. Tərəflər yeni müqavilə ilə bağlı razılığa gələ bilməyiblər. Bu üzdən də Konatenin “Liverpul”dakı 5 illik karyerası başa çatıb.

Xatırladaq ki, İbrahima Konate Fransanın “Soşo” klubunun yetirməsidir. O, 2017-ci ildən 2021-ci ilə qədər “Leypsiq”in (Almaniya) uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi “Liverpul”a 2021-ci ilin iyul ayında 40 milyon avro müqabilində məhz “Leypsiq”dən keçmişdi.

Fransalı futbolçu “Liverpul”un heyətində 183 oyuna çıxıb. O, bu oyunlarda 7 qola imza atıb, həmçinin 4 məhsuldar ötürmə müəllifi olub.

Fransa yığmasının üzvü “Liverpul”la 5 titul qazanıb. O, 2 dəfə (2022 və 2024-cü illərdə) İngiltərə Liqa Kubokunun, 1 dəfə İngiltərə Premyer Liqasının (2024/2025), 1 dəfə İngiltərə Federasiya Kubokunun (2022), 1 dəfə də İngiltərə Super Kubokunun (2022/2023) qalibi olub.

İbrahima Konate Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb. Müdafiəçi 2022-ci ilin iyun ayında əsas millidə debüt edib. O, yığma komandanın heyətində meydana çıxdığı 27 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 27 yaşlı müdafiəçinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin:
Seçilən
34
2
arena.az

10Mənbələr