Bir qrup QHT nümayəndəsi İsveçrənin Holcim Qrupuna daxil olan Lafarge şirkətinin və onun törəmə müəssisəsi olan “Lafarge Cement Syria”nın fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərliyə və Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadəyə məktubla müraciət ediblər.
Aznews.az xəbər verir ki, məktubda bəzi vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları adından sözügedən şirkət və törəmə müəssisənin silahlı münaqişə dövründəki fəaliyyəti ilə bağlı sənədləşdirilmiş ittihamlar və məhkəmə qərarları barədə ciddi narahatlıq ifadə edilib.
Qeyd edilib ki, məlumatlara əsasən, Lafarge şirkəti 2012–2014-cü illərdə təhlükəsizlik vəziyyətinin sürətlə pisləşməsinə və silahlı ekstremist qrupların bölgədə nəzarətinin artmasına baxmayaraq, Suriyanın şimalındakı Cəlabiyə sement zavodunda fəaliyyətini davam etdirib.
Məktubda bildirilib ki, keçmiş əməkdaşların ifadələri və məhkəmə materialları göstərir ki, şirkət kommersiya fəaliyyətini yerli işçilər ağır təhdidlər, adam oğurluqları və zorakılıq halları ilə üzləşdiyi bir şəraitdə aparıb: “Kommersiya fəaliyyətinin davam etdirilməsi müqabilində beynəlxalq səviyyədə terror təşkilatı kimi tanınan İŞİD kimi qruplara maliyyə və maddi dəstək göstərilməsi ilə bağlı ciddi faktlar hüquqi, etik və humanitar baxımdan dərin narahatlıq doğurur.
2022-ci ilin oktyabr ayında ABŞ federal məhkəməsində Lafarge və onun Suriyadakı törəmə müəssisəsi xarici terror təşkilatlarına maddi dəstək göstərdiyini etiraf edib. Məhkəmə qərarına əsasən, şirkət sement zavodunun fəaliyyətini davam etdirmək məqsədilə İŞİD və “Əl-Nusra Cəbhəsi”nə ödənişlər etdiyinə görə cinayət cərimələri və müsadirə daxil olmaqla, ümumilikdə 777,78 milyon dollar məbləğində cərimə ödəyib.
Bundan əlavə, 13 aprel 2026-cı il tarixində Paris Cinayət Məhkəməsi Lafarge şirkətini və onun dörd keçmiş rəhbər şəxsini 2013–2014-cü illərdə terror qruplaşmalarına 5.5 milyon avro ödənilməsində təqsirli bilmişdir. Məhkəmə şirkət barəsində maksimum məbləğdə cərimə, keçmiş rəhbərlər barədə isə həbs cəzaları müəyyən etmişdir. Hazırda Lafarge şirkəti insanlıq əleyhinə cinayətlərdə mümkün iştirakla bağlı istintaq altındadır”.