Kremldən, Rusiyadan Paşinyan və komandasına qarşı səsləndirilən hər təhdid, tənqid Nikol və partiyasının reytinqini artırır. Moskva ya axmaqdır ki, bunu anlamır, ya da zəifləmiş, təzyiq altında olan Paşinyan Moskvaya sərf edir. Çünki, Ermənistanda Rusiyaya bağlı siyasi lider və partiyaların seçki yolu ilə hakimiyyətə gəlmək şansları yoxdur. Paşinyanın alternativi daha çox Qərbpərəst, ingilisdilli siyasətçi və siyasi təşkilat ola bilər. Moskva Paşinyandan narazı olsa da, Nikol rusca danışır, sərt hərəkətlər etmir, ona görə də, başı üzərində daim Kremlin “Domokl qılıncı”, zəif nöqtələri olan Paşinyan, Rusiya üçün məqbuldur.
Rəsmi Rusiya son günlər Ermənistanı təhdid edir ki, bu ölkəyə satdığı təbii qazın qiymətini kəskin artıra bilər – həmişəki kimi yalan danışır, manipulyasiya ilə məşğuldur. Çox sadə şəkildə bunu sübut etmək olar:
Rusiya Ermənistana təbii qazı sərhəddə 1000 m3-i 165 dollara satır, faktiki olaraq isə Rusiya bu qiymətə qazı özü-özünə satır – çünki, Ermənistanın qazpaylayıcı şəbəkəsi 100% Rusiyaya, “Qazproma” aiddir. Yəni, “Qazprom”un ANA şirkəti, qazı 165 dollara özünün BALA şirkətinə satır, sonra isə Ermənistanda əhali və hüquqi şəxslərə bu qaz daha baha qiymətə satılır – fərqi isə yenə “Qazprom” öz cibinə qoyur:
- Ermənistanda əhaliyə satılan qazın müxtəlif taarifləri var, ümumi qiymət 1000 m3 üçün 365-370 dollardır (məzənnədən asılı olaraq dəyişir). Əhali üçün geniş limitlər də var, aztəminatlı əhali qrupu 1000 m3 qazı 255-260 dollara alır,
– Kiçik və mikro sahibkarlar da eyni əhaliyə olan taariflərlə qazpulu ödəyir,
– Böyük zavodlar və İstilik Elektrik Stansiyaları 1000 m3 üçün 265 dollar ödəyir,
– İstixanalar üçün qiymət 1000 m3 üçün 234 dollardır, eyni tarif emal sənayesi müəssisələrinə də aiddir.
Yəni, Rusiya özü-özünə qaz satır, sərhəddə olan qiymətlə əhaliyə satılan qiymət arasında olan hər 1000 m3 üçün 200 dollara yaxın qiymət fərqindən “Qazprom” yaxşı pul qazanır – amma, utanmadan deyir ki, Ermənistan üçün qazın qiymətini qaldıracağıq. Bu mənasız şantajdır, əvvəla ona görə ki, doğrudan da ciddi təzyiq etmək istəyən Kreml deməzdi, çoxdan edərdi, etmir, çünki, özünə, Putinin öz cibi olan “Qazprom” bunu istəmir...