“Bloomberg” agentliyinin yaydığı məlumata görə, Kreml Ukrayna müharibəsini 2026-cı ilin sonuna qədər öz şərtləri çərçivəsində yekunlaşdırmağı hədəfləyir. Bildirilir ki, Moskvanın əsas planı Donbas bölgəsinə tam nəzarəti təmin etmək və paralel olaraq Avropa ilə genişmiqyaslı təhlükəsizlik razılaşmasına nail olmaqdır. Məlumat beynəlxalq siyasi dairələrdə geniş müzakirələrə səbəb olub və Rusiyanın qarşıdakı dövr üçün strateji planlarının hansı istiqamətdə formalaşdığı sualını yenidən gündəmə gətirib.
Rusiya müharibəni həqiqətən yaxın müddətdə istədiyi şəkildə başa çatdıra bilərmi? Kreml bunun üçün kifayət qədər hərbi, iqtisadi və siyasi resurslara malikdirmi? Avropa ilə mümkün təhlükəsizlik sazişi hansı şərtlər əsasında formalaşa bilər? Ukrayna və Qərb bu ssenariyə necə reaksiya verəcək?
Siyasi təhlilçi Sona Əliyeva bunu daha çox arzu kimi qəbul edir: "Bloomberg"in yaydığı məlumat Kremlin qarşıdakı dövr üçün siyasi niyyətini əks etdirir. Lakin, Kremlin planı ilə reallıq eyni şey deyil. Rusiya müharibəni 2026-cı ilin sonuna qədər bitirmək istəyə bilər. Hətta bunu siyasi hədəf kimi qarşısına qoya da bilər. Amma istəmək başqa, Ukraynanı və Avropanı bu şərtlərə məcbur etmək tam başqadır. Rusiya müharibəni uzatmaq istəmir. Amma uduzmuş tərəf kimi də görünmək istəmir. Moskvanın əsas məqsədi Donbas üzərində tam nəzarət əldə etmək, bunu “qələbə” kimi təqdim etmək və daha sonra Avropa ilə yeni təhlükəsizlik razılaşmasına getməkdir.
Doğrudur, Rusiya hələ də böyük hərbi və iqtisadi resursa malikdir. Müharibəni davam etdirmək imkanları var. Amma bu resurslar artıq əvvəlki kimi qənaətbəxş və ucuz deyil. Cəbhədə irəliləyiş var, amma həlledici dönüş yoxdur. Ukrayna isə zəifləsə də çökməyib. Əksinə, dron müharibəsi, uzaqmənzilli zərbələr və Qərb dəstəyi hesabına Rusiyanın hesablarını çətinləşdirir.
Kreml üçün Donbası tam götürmədən “qələbə” elan etmək çətindir. Donbası tam götürmək isə çox baha başa gəlir. Bu, həm canlı qüvvə, həm iqtisadiyyat, həm də siyasi sabitlik baxımından Moskva üçün ağır yükdür. Avropa ilə geniş təhlükəsizlik sazişi məsələsi də asan görünmür. Çünki belə bir razılaşma faktiki olaraq Rusiyanın güc yolu ilə sərhəd dəyişdirmək siyasətinin qəbul edilməsi demək olardı. Avropa bunu açıq şəkildə qəbul etsə, sabah öz təhlükəsizlik sistemini də riskə atmış olar. Ona görə daha real variant böyük saziş deyil, məhdud atəşkəs və təhlükəsizlik mexanizmləri ola bilər. Əlbəttə, bu halda Ukrayna mövcud ssenariyə müqavimət göstərəcək. Çünki Donbasın verilməsi yalnız ərazi itkisi deyil, gələcək təhlükəsizlik zəmanətlərinin zəifləməsidir. Qərb də yorulub, amma Rusiyanın maksimal şərtlərini qəbul etmək onun üçün strateji məğlubiyyət olardı. Rusiya müharibəni dayandırmaq istəsə də, bunu tam qələbə kimi rəsmiləşdirmək üçün hələ kifayət qədər üstün mövqedə deyil. “Bloomberg” məlumatı daha çox Putinin arzusunu və Kremlin vaxtla yarışdığını göstərir. Düşünürəm ki, müharibənin taleyini Ukraynanın dirənişi və Qərbin siyasi iradəsi müəyyən edəcək".
Cavanşir Abbaslı
Musavat.com