Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin və Olimpiya çempionu Alina Kabayevanın birgə nikahından olduğu iddia edilən oğullarının təhsili ilə bağlı sensasiyalı faktlar üzə çıxıb.
“AzPolitika” xəbər verir ki, "Sistema" layihəsinin apardığı jurnalist araşdırmasına görə, Kremlin rəsmi şəkildə varlığını gizlətdiyi bu uşaqlara yüz minlərlə dollar müqabilində Qərbdən dəvət olunmuş xüsusi müəllimlər ingilis və alman dillərini öyrədir.
Araşdırma materiallarında qeyd olunur ki, Kremlin uşaqların təhsili ilə bağlı əsas tələbi onların xarici dilləri mükəmməl öyrənməsi və məhz "savadlı avropalılar" kimi danışmasıdır.

Jurnalistlərin aşkar etdiyi sənədlərə görə, 2017-ci ildən 2026-cı ilə qədər olan müddətdə Böyük Britaniya, Yeni Zelandiya, Almaniya, Avstriya və İrlandiyadan təxminən 20 yüksəkixtisaslı xarici mütəxəssis Putin və Kabayeva ailəsində çalışıb. Alina Kabayevanın əmisi uşaqları Olesya Fedina və Yekaterina Qolovaçeva müəllimlərin işə qəbulu və onların fəaliyyətinə birbaşa nəzarət ediblər.
Hələ 2019-cu ildə Olesya Fedina mürəbbilərə xüsusi təlimat verərək bildirib ki, Putinin böyük oğlu İvan dörd yaşına qədər daim ingilis dili mühitində ("dil hamamında") saxlanılmalı və onun ingiliscəsi mütləq "savadlı avropalı" tələffüzünə sahib olmalıdır. Oxşar sərt tələblər alman dili müəllimlərinin qarşısına da qoyulub.
Araşdırmaçıların məlumatına görə, bu gizli repetitorların maaşları astronomik rəqəmlərlə ölçülür. Təkcə 2026-cı ilin yanvar ayında Putinin iddia edilən uşaqları üçün dəvət olunmuş cəmi üç müəllimənin maaşına ən azı 3,5 milyon rubl xərclənib.

Məxfiliyi qorumaq üçün xarici müəllimlər rəsmi sənədlərdə Putinin yaxın ətrafına məxsus olan "Sogaz" Beynəlxalq Tibb Mərkəzinin Peşəkar Təkmilləşdirmə İnstitutunda "aparıcı tərcüməçilər" kimi qeydiyyata alınıblar.
Bununla yanaşı, ailədə işləyən xarici mütəxəssislərin qarşısına çox ciddi və qəribə qadağalar qoyulub. İşçilərə müqavilə ilə aşağıdakı mövzular qəti qadağan edilib:
Uşaqlara öz dini, siyasi və ya ideoloji baxışlarını qəbul etdirmək;
Cinsi təhsil mövzularına toxunmaq;
LGBTQ+ məsələlərini müzakirə etmək.
Rusiya daxilində hər gün Qərb dəyərlərini tənqid edən və Avropanı hədəf alan Putinin, öz övladlarını gizli şəkildə məhz Qərb elitasının standartlarına uyğun böyütməsi bu araşdırmanın ən çox müzakirə edilən tərəfi olub.
Rasim
“AzPolitika.info”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.