AZ

Rumıniya Rusiya səfirini XİN-ə çağırıb

Rumıniya Xarici İşlər Nazirliyi respublikanın şərqində yerləşən Qalats şəhərində pilotsuz uçuş aparatının (PUA) yaşayış binasına düşməsindən sonra Rusiyanın səfiri Vladimir Lipayevi nazirliyə çağırıb. Bu barədə Rumıniyanın xarici işlər naziri Oana Tsoyu "X" sosial şəbəkəsində məlumat verib. Onun sözlərinə görə, Rumıniya Müdafiə Nazirliyinin əlində dronun Rusiyaya məxsus olduğunu təsdiqləyən sübutlar var. Xanım Tsoyu Avropa səviyyəsində Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunacağı ilə hədələyib. O bəyan edib ki, bu insident Rusiya ilə Rumıniya arasındakı diplomatik münasibətlərə təsir göstərəcək.

Rumıniya Prezidenti Nikuşor Dan hadisə ilə əlaqədar Ali Milli Müdafiə Şurasını çağırıb. O, PUA-nın binaya düşməsinə görə məsuliyyəti Rusiya hakimiyyətinin üzərinə qoyub. "Biz Rusiya Federasiyasına qarşı müvafiq tədbirlər görəcəyik", - dövlət başçısı "X" sosial şəbəkəsində yazıb. O əlavə edib ki, baş verənlər barədə BMT Təhlükəsizlik Şurasına məlumat vermək niyyətindədir.

Dron mayın 29-da yerli vaxtla təxminən saat 02:00-da (Bakı vaxtı ilə 03:00-da) Qalatsdakı çoxmənzilli yaşayış binasına çırpılıb. Mənzillərdən birində yanğın baş verib. Binadan 70-ə yaxın insan təxliyə edilib. İki nəfər yüngül xəsarət alıb. Digər bir pilotsuz aparatın qalıqları isə Rumıniyanın şimal-qərbindəki Maramureş qraflığında aşkar edilib. Həmin dronun üzərində partlayıcı yükün olmadığı müəyyən edilib.

S.ELAY

XQ

Seçilən
21
50
xalqqazeti.az

10Mənbələr