AZ

Oana Tsoyu: Rusiya Rumıniya ərazisinə dron zərbəsinə görə məsuliyyət daşıyır

Rumıniya ərazisinə daxil olaraq yaşayış binasında yanğına səbəb olan dron Rusiya tərəfindən buraxılıb.

"Report"un məlumatına görə, bu barədə Rumıniyanın xarici işlər naziri Oana-Silviya Tsoyu "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Onun sözlərinə görə, bu insidenti eskalasiyaya doğru ciddi və məsuliyyətsiz bir addım kimi qiymətləndirmək olar:

"Rusiya pilotsuz uçuş aparatı Rumıniyanın Qalats şəhərində 10 mərtəbəli yaşayış binasının damına çırpılaraq yanğına səbəb olub. İki nəfər yüngül xəsarət alıb, bir neçə sakinə tibbi yardım göstərilməli olub. Binanın sakinləri təxliyə edilib. Rumıniya beynəlxalq hüququn və onun hava məkanının pozulmasına cavab olaraq zəruri diplomatik tədbirlər görəcək".

O.Tsoyu həmçinin qeyd edib ki, Rumıniya Avropa İttifaqı ölkələrini, müttəfiqləri və NATO-nun baş katibi Mark Rütteni baş verənlər barədə məlumatlandırıb, həmçinin dronlara qarşı mübarizə vasitələrinin Rumıniyaya təhvil verilməsinin sürətləndirilməsi üçün tədbirlər görülməsini tələb edib.

"Rusiya bu hərəkətlərə görə birbaşa məsuliyyət daşıyır", - o qeyd edib.

Nazir həmçinin vurğulayıb ki, ölkə Ukraynada hərtərəfli atəşkəsin əldə edilməsi məqsədilə Rusiyaya beynəlxalq təzyiqin gücləndirilməsi üçün qətiyyətlə hərəkət edəcək.

Qeyd edək ki, bu gün Rusiyaya məxsus pilotsuz uçuş aparatı Rumıniyanın hava məkanına daxil olaraq çoxmərtəbəli yaşayış binasına çırpılıb, iki nəfər xəsarət alıb.

Seçilən
46
50
far.az

10Mənbələr