“Qarabağ”dan ayrılaraq Türkiyənin “Bursaspor” klubuna keçən Toral Bayramov sosial şəbəkə hesabında Ağdam təmsilçisi haqqında paylaşım edib.
Arena.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi “İnstaqram” səhifəsindəki paylaşımında keçmiş klubu ilə belə vidalaşıb:
“Bu gün sözləri seçmək asan deyil. Bu forma ilə keçən illər ərzində təkcə futbol oynamadım, böyüdüm, öyrəndim və unudulmaz xatirələr qazandım. Mənə güvənən hər kəsə – rəhbərliyə, məşqçilərə, komanda yoldaşlarıma və hər zaman yanımda olan azarkeşlərə təşəkkür edirəm. “Qarabağ” mənim üçün sadəcə klub olmadı, həyatımın bir hissəsinə çevrildi.
Doğma “Qarabağ”ı çempion kimi tərk etmək istəyərdim. Olmadı… Əvəzində UEFA Çempionlar Liqasında tarix yazıldı! Çətin qərar oldu, həm mənim, həm də rəhbərlik üçün. İstəyimi nəzərə alıb mənim keçidimi anlayışla qarşılayan rəhbərliyə xüsusi təşəkkürümü bildirirəm.
Hər son yeni başlanğıcdır. Görüşənədək! Uğurlar, “Qarabağ”!
Xatırladaq ki, 2020-ci ildən “Qarabağ”ın əsas komandasında çıxış edən Toral Bayramov bu müddətdə 254 oyunda 37 qol vurub, 46 məhsuldar ötürmə verib. O, komanda ilə 5 dəfə Azərbaycan çempionu olub, 2 dəfə Azərbaycan Kubokunu qazanıb.
Bayramov 2021-ci ildə debüt etdiyi Azərbaycan millisinin heyətində meydana çıxdığı 40 oyunda 5 qola imza atıb, 3 məhsular ötürmə verib. Toral əvvəllər U-19 və U-21 yığmalarımızın da formasını geyinib.
Xatırladaq ki, “Bursaspor” səviyyəcə üçüncü çempionat hesab edilən İkinci Liqada 2025/2026-cı illər mövsümünü lider kimi başa vurub və Birinci Liqaya vəsiqə qazanıb.
