AZ

Ebola sürətlə yayılmağa davam edir Yoluxma sayı 1000 ə yaxınlaşır

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Konqonun şərqində yayılan ölümcül Ebola virusu nəzarətdən çıxmaq üzrədir.

Rəsmi məlumatlara görə, ölkədə Ebola şübhəsi olan yoluxma sayı 904-ə çatıb, virus səbəbindən həyatını itirənlərin sayı isə 119 nəfər olub.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) epidemiyanın Konqo üçün “çox yüksək risk” səviyyəsində olduğunu açıqlayıb.

Virusun ən çox yayıldığı bölgələr olan İturi və Şimali Kivu əyalətlərində vəziyyətin gərginləşdiyi bildirilir. Son bir həftə ərzində iki fərqli şəhərdə yerləşən Ebola müalicə mərkəzləri yerli gənclər və silahlı qruplar tərəfindən yandırılıb. Rvampara bölgəsindəki müalicə mərkəzinə hücumun karantində ölən bir şəxsin cəsədini geri almaq istəyən gənclərlə başladığı qeyd olunur. Şahidlərin sözlərinə görə, xəstəxanaya daxil olmaq cəhdi uğursuz olduqdan sonra toplaşan kütlə mərkəzi yandırıb.

Məlumata görə, hücum edən şəxslər beynəlxalq humanitar təşkilatları hədəf alıblar. Etirazçılar “Ebola barədə yalan danışılır” və “xəstəlik uydurmadır” kimi şüarlar səsləndiriblər.

Ebola virusunun yayılmasının əsas səbəblərindən biri ənənəvi dəfn mərasimləri hesab olunur. Yerli adətlərə əsasən, həyatını itirən şəxslərin cəsədləri ailə üzvləri tərəfindən yuyulur və dəfnə hazırlanır ki, bu da virusun yayılma riskini artırır.

Yoluxma zəncirini qırmaq üçün hökumət ənənəvi dəfn mərasimlərini tam qadağan edib və dəfn prosesini tibbi protokollar əsasında öz nəzarətinə götürüb. Lakin bu qərar yerli əhali arasında ciddi narazılıq yaradıb.

Konqo Demokratik Respublikasının şimal-şərqində fəaliyyət göstərən hərbi rəhbərlik Ebola epidemiyasının qarşısını almaq məqsədilə 50 nəfərdən çox insanın bir yerə toplaşmasını da qadağan edib. Hazırda yardım işçiləri və tibb personalı yalnız silahlı hərbçilərin müşayiəti ilə dəfn mərasimləri keçirə bilir.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
25
azpolitika.info

10Mənbələr