VI Türk dünyası ədəbiyyat və kitab festivalının dördüncü günü start götürüb.
Bizim.Media xəbər verir ki, festivalın bu günü "Macarıstan və Şimali Kipr"ə, ümumilikdə həmin ölkələrin ədəbiyyatına həsr olunub.
MÖVZU İLƏ BAĞLI:
Kərəm Salahoğlu kitablarını oxuculara TƏQDİM ETDİ
Tədbirdə öncə Macarıstan və Türkiyə Respublikalarının Dövlət Himni səsləndirilib.
Bakı Avrasiya Universitetinin kafedra müdiri Elmira Kekeçin (Məmmədova) moderatorluğu ilə keçirilən tədbirdə macar, türk, Şimali Kipr ədəbiyyatı müzakirə edilib, nümunələr səsləndirilib.
Tədbirdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları şöbəsinin elmi işçisi Seyidnisə Lətifli, filologiya üzrə fəlsəfə doktoru Aytən Abbasova, Atilla Balaş, Daniel Levente Pal, Rəna Cahangirli, Ceyhan Özyıldız və Ahmet Güneyli çıxış ediblər.
Tədbirin qonağı diplomat və yazar Ülkü Alemdar öz qələmindən çıxan şeirləri, o cümlədən Kiprə həsr olunmuş əsərlərindən parçaları səsləndirib.
Panel müzakirələri təkcə şeir və ədəbiyyat nümunələri ilə yox, həm də musiqi ilə davam etdirilib.
Tədbirdə bir sıra macar və kıbrız musiqiləri ilə yanaşı məşhur "Mağusa Limanı" mahnısı səsləndirilib. Həmçinin, qonaqlara əsərin yaranma tarixi, təsirli hekayəsindən söz açılıb.
Xatırladaq ki, VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində müxtəlif müəlliflərin təqdimatları və oxucularla görüşləri davam edir.
Panel iştirakçılarının çıxışları, səsləndirilən şeir və musiqilər qonaqlar tərəfindən alqışlarla qarşılanıb.
Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, ANAİB, İLESAM, DGTYB, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.

Günay Şahmar, İntiqam İbrahimov, Bizim.Media