AZ

Qəbələdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı – FOTO

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənaye və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində tədbirləri davam etdirir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, agentliyin müfəttişləri tərəfindən Qəbələ rayonunun Zarağan qəsəbəsində fərdi sahibkar Sərdar Mehdiyevə məxsus maye qazdoldurma məntəqəsində planlı yoxlama aparılıb.

Yoxlama zamanı insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək bir sıra pozuntular aşkarlanıb.

Müəyyən olunub ki, məntəqədə istismar olunan iki ədəd maye qaz çəninin daxili baxışı və hidravlik sınağı keçirilməyib. Bundan əlavə, çənlər üzərində quraşdırılmış qoruyucu klapanlar, avtoçəndən maye qazın stasionar tutumlara boşaldılması və balonların doldurulması zamanı istifadə olunan rezin-parça qollar, eləcə də digər avadanlıqlar dövri yoxlamadan keçirilməyib.

Həmçinin maye qazdoldurma məntəqəsinin bina və avadanlıqlarının torpaqlama müqavimətinin ölçülmədiyi də müəyyən edilib.

Aşkarlanmış nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı və insan həyatı üçün təhlükə yaratdığı nəzərə alınaraq, agentliyin əməkdaşları tərəfindən məntəqənin fəaliyyəti dayandırılıb.

Pozuntuların aradan qaldırılması ilə bağlı tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
11
16
bizim.media

10Mənbələr