AZ

Şirkət rəhbərinə 11 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda, rəsmi sənədlərin saxtalaşdırılması və saxta sənədlərdən istifadədə təqsirləndirilən Emin Kərəmzadənin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası keçirilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.4 və 320.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib. O, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə qeyd olunan maddə ilə Eminə cəza təyin olunmayıb. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə 11 il müddətə azadlıqdan məhrum olunub.


İttihama görə, Emin Kərəmzadə qabaqcadan əlbir olduğu bir qrup şəxslə birlikdə daşınmaz əmlakın qanunsuz yolla ələ keçirilməsi və sonradan üçüncü şəxslərə satılması ittihamı ilə mühakimə olunub.


Belə ki, təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə tanışları Quliyev Vahab Camal oğlu, Ramazanov Şeyda Kamran oğlu və digər şəxslərlə birlikdə qabaqcadan cinayət əlaqəsinə girərək rolları bölüşdürüb.


Cinayət materiallarında göstərilib ki, qrup üzvləri 2023-cü ilin yanvar ayının ortalarında zərərçəkmiş S.S. (adı, soyadı şərtidir) ilə əlaqə saxlayaraq özlərini iş adamı və potensial icarəçi kimi təqdim ediblər. Zərərçəkmiş şəxsə məxsus, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən və dəyəri 1 500 490 manat təşkil edən daşınmaz əmlakın icarəyə götürülməsi məqsədilə onunla əlaqə yaradılıb.


İstintaqla müəyyən edilib ki, özünü “Nicat” kimi təqdim edən şəxs xaricdə olduğunu bildirərək əmlakın onun etibarlı adamı hesab edilən Vahab Quliyevin adına rəsmiləşdirilməsini istəyib. Zərərçəkmiş şəxs buna razılıq verdikdən sonra tərəflər arasında Bakı şəhərində yerləşən notariat ofislərinin birində rəsmi icarə müqaviləsi bağlanıb və ilkin olaraq 1500 manat icarə haqqı ödənilib. Bununla da təqsirləndirilən şəxslər özlərini etibarlı və vicdanlı icarəçi kimi təqdim edərək zərərçəkmiş şəxsin etibarını qazanıblar.


Daha sonra həmin müqavilədəki məlumatlardan istifadə edilməklə, S.S.-in adından Rusiya Federasiyasının Kurqan vilayətində guya etibarnamə verilməsi görüntüsü yaradılıb. İstintaq materiallarına əsasən, zərərçəkmiş şəxs həmin tarixdə Azərbaycan ərazisində olduğu halda, onun adından Vahab Quliyevə daşınmaz əmlak üzərində sərəncam vermək, satmaq, girov qoymaq və digər hüquqlar verən saxta etibarnamə hazırlanıb.


Bununla yanaşı, zərərçəkmiş şəxsin keçmiş həyat yoldaşının adından da razılıq ərizəsi saxtalaşdırılıb. Həmin sənədlərdə imzaların istintaqa məlum olmayan şəraitdə saxtalaşdırıldığı və Kurqan notariat dairəsinə aid möhürlərin istifadə edildiyi müəyyən olunub.


Saxta sənədlərdən istifadə edilməklə daşınmaz əmlak sonradan Ramazanov Şeyda Kamran oğlunun adına formal alqı-satqı müqaviləsi əsasında rəsmiləşdirilib. Daha sonra həmin əmlak Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində dövlət qeydiyyatına alınaraq tam mülkiyyət hüququ ilə qrup üzvünün adına keçirilib.


Beləliklə, təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsə məxsus 1 500 490 manat dəyərində daşınmaz əmlakı dələduzluq yolu ilə ələ keçirdikləri və xüsusilə külli miqdarda ziyan vurduqları bildirilib.


Cinayət işi üzrə araşdırma zamanı məlum olub ki, həmin daşınmaz əmlak sonradan təkrar satış predmetinə çevrilib. Belə ki, təqsirləndirilən şəxslər daşınmaz əmlakın real bazar dəyərindən xeyli aşağı qiymətə — 400 min manata satıldığını və aylıq 8 min manat gəlir gətirən hazır icarədə olduğunu bildirərək digər şəxsləri də aldadıblar.


İttihama əsasən, təqsirləndirilən şəxslər zərərçəkmiş qadına həmin əmlakın yarı payını 200 min manat ödəməklə əldə edə biləcəyini deyərək onu inandırıblar. Bunun ardından notariat qaydasında alqı-satqı müqaviləsi bağlanıb və zərərçəkmiş şəxsdən 200 min manat pul alınıb.


İstintaq materiallarına görə, əldə edilən pul vəsaiti təqsirləndirilən şəxslər arasında bölüşdürülərək şəxsi ehtiyaclara sərf olunub. Bununla da zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurulub.


Məhkəmə baxışı zamanı dövlət ittihamçısı təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamların bir hissəsinə dəyişiklik edilməsini istəyib. Belə ki, prokuror Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri üzrə ittiham hissələrinin çıxarılmasını, cinayət təqibinin isə Cinayət Məcəlləsinin 178.4 və 320.1-ci maddələri ilə davam etdirilməsini məhkəmədən xahiş edib.


Qeyd: Emin Kərəmzadə “Emin-85”, “MASTER-121” MMC-lərinnin direktoru vəzifəsində işləyib.

 

Kamal Məmmədov 

Tarix: 14 May 2026, 09:03   
Seçilən
40
22
pravda.az

10Mənbələr