AZ

Avstraliyada "Tramp Tower" layihəsi ləğv edildi

Avstraliyanın Kvinslend ştatında inşa edilməsi planlaşdırılan 1,5 milyard Avstraliya dolları dəyərindəki "Tramp Tower" layihəsi ləğv edilib.

"Cebheinfo.az" BBC-yə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampa məxsus "Trump Organization" daşınmaz əmlak şirkəti layihəni icra edən Avstraliya şirkətinin maliyyə öhdəliklərini yerinə yetirmədiyini açıqlayıb.

"Altus Property Group" isə layihənin ləğvinin əsas səbəbi kimi ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibəni və "Trump" brendinin yaratdığı mənfi imici göstərib.

"Trump Organization" rəsmisi Kimberli Benza şirkətin layihəni Qold-Kost şəhərinə daşımaqdan həyəcan duyduğunu, lakin "Altus"un öhdəliklərə əməl etmədiyini bildirərək deyib:

"Aylarla davam edən danışıqlardan və boş vədlərdən sonra "Altus Property Group" ən təməl maliyyə öhdəliyini belə qarşılaya bilmədi".

"Altus Property Group"-un baş direktoru Devid Yanq isə mövzu ilə bağlı açıqlamasında bu ifadələri işlədib:

"Baş verən hadisələrlə bağlı "Trump" brendinin Avstraliyada getdikcə toksik bir hala gəldiyini desək, yanılmarıq. Bir müddət əvvəl yollarımızı ayırmaq vaxtının çatdığını anladıq".

Yanq mübahisənin maliyyə öhdəlikləri ilə əlaqəli olmadığını qeyd edərək, 335 metr hündürlüyü ilə Avstraliyanın ən hündür binası olacağı proqnozlaşdırılan layihənin "Trump" brendi əvəzinə başqa markalarla davam etdiriləcəyini müdafiə edib.

Qold-Kost şəhərinin meri Tom Teyt müqavilənin ləğvi ilə bağlı "ABC"-yə verdiyi açıqlamada problemin münasibətlərdən çox, mənfəət marjası ilə bağlı olduğunu irəli sürüb:

"Hər şey pulla bağlıdır. "Trump Organization" öz brendi üçün maliyyələşdirmə, idarəetmə və mənfəət payı məsələsində daha çox şey tələb edir. İnşaatçı isə bütün vəsaiti özünün qoyduğunu və qarşı tərəfin böyük mənfəət payı alacağını deyir. İki tərəf bu səbəbdən ayrı yolları seçdi".

Layihə ilk elan edildikdə Qold-Kost sakinləri arasında böyük müzakirələrə yol açmışdı.

"Trump Tower"-ə qarşı başladılan kampaniyada layihənin əleyhinə 120 mindən çox imza toplandığı halda, layihəni dəstəkləyən petisiyanı cəmi 3 500 nəfər imzalamışdı. Bundan əlavə, layihəyə qarşı meriya binası qarşısında etiraz aksiyası keçirilmişdi.

Layihə fevral ayında Trampın oğlu Erik Tramp tərəfindən şirkətin Avstraliyadakı "ilk rəsmi təşəbbüsü" kimi təqdim olunmuşdu. "Trump Tower" layihəsinin tikintisinin avqust ayında başlaması gözlənilirdi.

Seçilən
86
13
cebheinfo.az

10Mənbələr