
Son hadisələrdən sonra İran döyüş meydanında əldə etdiyi nailiyyətləri diplomatik danışıqlar yolu ilə möhkəmləndirməlidir, güc və milli ləyaqət mövqeyindən çıxış etməlidir.
AFN.az "Mehr" agentliyinə istinadən xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian bunu İran İslam Respublikasının Hüquq-Mühafizə Qüvvələrinin (FARAJA) komandanı və yüksək rütbəli zabitləri ilə görüşündə bildirib.
O qeyd edib ki, ölkə hazırda üç mümkün ssenari ilə üz-üzədir:
İranın hüquqlarını müdafiə etmək üçün ləyaqət və gücü qoruyaraq danışıqlara başlamaq;
"Nə müharibə, nə sülh" vəziyyətini qorumaq;
Hərbi qarşıdurmanın davam etməsi.
"Milli maraqlara əsaslanan rasional və məntiqi seçim silahlı qüvvələrin döyüş meydanında əldə etdiyi hərbi qələbənin diplomatik yolla başa çatdırılmasını və İran xalqının hüquqlarının ləyaqət və nüfuz mövqeyindən təmin edilməsini təmin etməkdir" - deyə Pezeşkian əlavə edib. Onun fikrincə, danışıqlara hazır olmaq güzəşt deyil, strategiyadır.