AZ

Vüqar Zifəroğlu: “Yalnız hərbi deyil, informasiya və texnoloji təhlükəsizlik baxımından da diqqətli olmalıyıq”

Moderator.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Son dövrlərdə Yaxın Şərq və ətraf coğrafiyada güc nisbətlərinin sürətlə dəyişməsi regionu yeni və daha mürəkkəb geosiyasi mərhələyə daşıyıb. Bu proseslər təkcə lokal toqquşmalarla məhdudlaşmayaraq, təhlükəsizlik arxitekturasında, iqtisadi əlaqələrdə və siyasi balanslarda genişmiqyaslı yenilənmələrə səbəb olur. 

Maraqlıdır, regionda formalaşan yeni reallıqlar Azərbaycan üçün hansı əsas siyasi və təhlükəsizlik çağırışlarını yaradır və bu şəraitdə ölkəmiz öz strateji maraqlarını daha effektiv necə qoruyub gücləndirə bilər?

Moderator.az-ın suallarını Yaxın Şərq üzrə mütəxəssis, analitik Vüqar Zifəroğlu cavablandırıb. 

Siyasi şərhçi bildirib ki, Şərqdə son dövrlərdə artan gərginliklər və güc balansında baş verən dəyişikliklər regionu yeni bir geosiyasi mərhələyə daxil edib:

"Bu proseslər artıq lokal qarşıdurmalar çərçivəsini aşaraq daha geniş miqyaslı siyasi, hərbi və iqtisadi transformasiyalarla müşayiət olunur. Belə bir şəraitdə Azərbaycan kimi strateji mövqedə yerləşən dövlətlər üçün həm risklər, həm də yeni imkanlar formalaşır. Əvvəla, regionda artan hərbi eskalasiya və xüsusilə İran ətrafında baş verən proseslər ümumiyyətlə region ölkələrinin təhlükəsizlik mühitinə birbaşa təsir edir.

İranın zəifləməsi və ya daxili sabitliyinin pozulması sərhədyanı bölgələrdə qeyri-sabitlik yarada, qaçaqmalçılıq, qeyri-qanuni silahlı qrupların aktivləşməsi və digər transsərhəd risklərini artıra bilər. Digər tərəfdən, İranın daha sərt və aqressiv siyasət yürütməsi də regionda gərginliyi yüksəldən vacib amildir.  

İkinci mühüm məsələ enerji amilidir.

Yaxın Şərqdəki gərginlik qlobal enerji bazarlarına ciddi təsir göstərir və bu, Azərbaycan üçün həm üstünlük, həm də müəyyən risk yaradır. Qısa müddətdə enerji qiymətlərinin artması ölkənin gəlirlərini artırsa da, uzunmüddətli perspektivdə bazarların qeyri-sabitliyi, alternativ enerji layihələrinin sürətlənməsi və geosiyasi proseslər enerji strategiyasının daha çevik və dayanıqlı olmasını tələb edir".

Vüqar Zifəroğlu əlavə edib ki, bununla yanaşı, nəqliyyat və logistika məsələləri də xüsusi əhəmiyyət kəsb edir:

"Hörmüz boğazı kimi əsas enerji və ticarət marşrutlarında yaranan risklər alternativ dəhlizlərin rolunu artırır. Bu kontekstdə Azərbaycan Orta Dəhliz və digər beynəlxalq nəqliyyat layihələri vasitəsilə özünü mühüm tranzit mərkəz kimi möhkəmləndirmək imkanına malikdir. 

Eyni zamanda, müasir münaqişələrin xarakteri dəyişərək hibrid müstəviyə keçib. İnformasiya müharibələri, dezinformasiya kampaniyaları və kiberhücumlar artıq dövlətlərin təhlükəsizlik sisteminin ayrılmaz hissəsinə çevrilib. Bu baxımdan yalnız hərbi deyil, həm də informasiya və texnoloji təhlükəsizlik baxımından da diqqətli olmalıyıq.

Belə mürəkkəb şəraitdə Azərbaycan ilk növbədə, enerji ixracatçısı kimi rolunu daha yüksək səviyyəyə qaldıraraq enerji təhlükəsizliyi təminatçısına çevrilə bilər. Bu, həm iqtisadi, həm də siyasi təsir imkanlarını genişləndirir. 

Proseslər onu göstərir ki, Azərbaycan yalnız riskləri minimuma endirməklə kifayətlənməyərək, eyni zamanda regionda öz rolunu daha da gücləndirə biləcək".

Pərvin Şakirqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
45
moderator.az

10Mənbələr