ABŞ və İran arasında uzun illərdir davam edən gərginlik son dövrlərdə daha çox iqtisadi təzyiqlər, informasiya müharibəsi və diplomatik qarşıdurmalar fonunda yeni mərhələyə keçib. Mütəxəssislər hesab edirlər ki, bu proses təkcə regional deyil, həm də qlobal güc balansına təsir edən əsas faktorlar sırasında yer alır.
İran və ABŞ arasında gərginlik təkcə hərbi deyil, həm də iqtisadi və informasiya müstəvisində davam edir.
Bunu politoloq Bakir Həsənbəyli News365.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, müharibə və qarşıdurma nəticəsində İrana dəymiş ziyanla bağlı müxtəlif rəqəmlər səsləndirilsə də, real göstəricilərin daha yüksək olduğu ehtimal edilir:
“İlkin olaraq İran tərəfi zərəri 270 milyard dollar kimi təqdim edib, lakin bu rəqəm daha böyük ola bilər”.
Politoloqun sözlərinə görə, ABŞ-ın tətbiq etdiyi məhdudiyyətlər və blokada nəticəsində İranın gündəlik itkiləri milyardlarla dollarla ölçülür.
O bildirib ki, iqtisadi güc baxımından tərəflər arasında böyük fərq mövcuddur:
“ABŞ-ın iqtisadi dövriyyəsi və hərbi büdcəsi İranla müqayisə olunmayacaq dərəcədə yüksəkdir. Bu da güc balansında ciddi fərq yaradır”.
Bakir Həsənbəyli vurğulayıb ki, Hörmüz boğazı ilə bağlı asılılıq da ABŞ üçün ciddi risk yaratmır, çünki ölkə daxili resurslar və alternativ tədarük mənbələri hesabına bu təsiri minimuma endirə bilir.
Politoloq əlavə edib ki, hazırda tərəflər arasında əsas mübarizə informasiya və media sahəsində gedir:
“Bu, klassik hərbi qarşıdurmadan çox informasiya müharibəsi xarakteri daşıyır. Tərəflər həm diplomatik, həm iqtisadi, həm də media sahəsində üstünlük qazanmağa çalışır”.
Onun sözlərinə görə, ABŞ-ın hərbi gücü ilə İranın imkanları arasında ciddi fərq olsa da, Tehran rəqəmsal və informasiya müstəvisində təsir yaratmağa çalışır.
Bakir Həsənbəyli hesab edir ki, hazırkı mərhələdə qarşıdurma daha çox siyasi və iqtisadi təzyiq mexanizmləri üzərindən davam edir və tərəflər arasında birbaşa hərbi toqquşma ehtimalı aşağıdır.