AZ

Niyə afrikalılar Ukraynada Rusiya uğrunda vuruşurlar?

Minlərlə gənc afrikalı kişi Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə iştirak etmək üçün cəlb olunub...

Poliqon The New York Times-a istinadən xəbər verir ki, onların bir qismi rus əsgərlərlə birlikdə sosial şəbəkələrdə videolar paylaşsa da, bir çoxu aldadılaraq Rusiyaya aparıldıqlarını və daha sonra hərbi müqavilələr imzalamağa məcbur edildiklərini bildirir. Onların xeyli hissəsinin döyüşlərdə həlak olduğu qeyd olunur.

Nəşr vurğulayır ki, Afrika cəbhə xəttindən minlərlə kilometr uzaqda yerləşsə və əksər Afrika ölkələri müharibədə neytral mövqe tutsa da, bu tendensiyanın izahı aydındır: Rusiyanın əlavə canlı qüvvəyə ehtiyacı var, afrikalı gənclər isə iş axtarır.

Bəzi afrikalılar nəşrə bildiriblər ki, onlar Rusiyaya işləmək məqsədilə gediblər, lakin sonradan hərbi müqavilələrə məcbur ediliblər.

Məlumata görə, Ukraynaya qarşı müharibə Rusiya üçün ciddi itkilərlə müşayiət olunur və bu itkiləri kompensasiya etmək üçün Moskva xarici vətəndaşları cəlb edir. Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin məlumatına əsasən, genişmiqyaslı işğalın başlanmasından bəri təxminən 1,2 milyon rus hərbçisi ölüb, yaralanıb və ya itkin düşüb.

Nəşr qeyd edir ki, bu cür itkilər siyasi problemə çevrilə bilər, lakin hərbçilərin əksəriyyətinin Rusiyanın mərkəzdən uzaq regionlarından olması narazılığın təsirini məhdudlaşdıra bilər.

NYT yazır ki, Rusiya üçün xaricdə əsgər axtarmaq məntiqlidir və Afrika bu baxımdan əlverişli mühit hesab olunur. Qitədə gənc əhalinin sayı sürətlə artır.

Moskva isə Afrikada hərbi verbovka siyasətini rəsmən inkar edir və xarici döyüşçülərin könüllü gəldiyini bildirir.

Nəşr izah edir ki, Afrikada demoqrafik artım fonunda əmək bazarına çoxlu sayda gənc daxil olur, lakin iqtisadiyyat kifayət qədər iş yeri yarada bilmir. Nəticədə 35 yaşadək insanların əksəriyyəti qeyri-rəsmi sektorda aşağı maaşlı və qeyri-sabit işlərdə çalışır.

Bu səbəbdən çoxları xaricdə iş axtarır. Əksəriyyət digər Afrika ölkələrinə üz tutur, bəziləri isə təhlükəli marşrutlarla Avropa və ya digər regionlara getməyə çalışır.

Qadınlar tez-tez Fars körfəzi ölkələrində işləməyə gedir, lakin oradakı şərait çox vaxt ağır olur. Digər bir qrup isə Rusiyaya üz tutur, baxmayaraq ki, təklif olunan işlər çox vaxt qeyri-müəyyən olur.

Nəşr qeyd edir ki, Rusiya ordusunda xidmət edən afrikalılar öz ölkələrində qazana biləcəklərindən dəfələrlə yüksək maaş vəd edilir. Lakin burada iki əsas risk var: yüksək ölüm ehtimalı və müqavilə problemləri.

Sağ qalan və geri dönənlər bildirir ki, onlar anlamadıqları rus dilində müqavilələr imzalamağa məcbur ediliblər. Daha sonra maaşların guya saxlandığı bank tətbiqləri göstərilsə də, həmin vəsaitlərə çıxış çətin olub. Bəzi hallarda isə işə düzəltmə agentlikləri tərəfindən aldadıldıqları və pullarını ala bilmədikləri deyilir.

Bəzi afrikalıların sözlərinə görə, onlar ölkələrinə heç bir qazanc olmadan geri qayıdıblar.

Nəşr qeyd edir ki, iş axtarmaq məqsədilə miqrasiya qanunsuz deyil və Afrika hökumətləri vətəndaşların ölkəni tərk etməsinin qarşısını əsasən siyasi səbəblərlə almağa çalışır.

Cənubi Afrika, Keniya, Qana və Nigeriya hökumətləri isə vətəndaşlarının Ukraynada itkin düşməsi və ya həlak olması ilə bağlı narahatlıqlar fonunda daha fəal tədbirlər görülməsi çağırışlarına reaksiya verib.

Poliqon.info

Seçilən
29
2
poliqon.info

10Mənbələr