Rus sərhədçilərinin çıxarılması məsələsi erməni cəmiyyətindən gələn tələbdir və Nikol Paşinyan seçkiöncəsi bu məsələdən də yararlanmaq istəyir.
Ermənişünas alim Qafar Çaxmaqlı bunu Rusiya sərhədçilərinin Ermənistandan çıxarılması mövzusunda Ermənistanda aparılan diskussiyalara reaksiyasında bildirib.
Siyasi ekspert Musavat.com-a bildirib ki, Nikol Paşinyan brifinqdə ona verilən suala cavab olaraq açıq mətnlə cavab vermədi: “Mən o brifinqə baxdım. Sualı verən ABC TV- müxbiri də cavabdan məmnun qalmadı. Paşinyan indi belə bir riskli qərar verə bilməz, ona görə də bunu haansısa ödənişlə bağladı. Demək istədi ki, Ermənistan sərhəddəki xidmətə görə ruslara boşuna pul ödəyir. Halbuki, Ermənistanda hərbi xidmət zamanı əsgərlərin bir hissəsi sərhəd xidmətinə cəlb oluna bilər”.
Q.Çaxmaqlı qeyd etdi ki, Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr bərpa olunandan və sərhədlər açılandan sonra sərhədlərin bir çox istiqəmətlərində onu qorumağa ehtiyac qalmayacaq: “Rus qoşunlarının tamamilə çıxarılmasından danışılmır, bu gün belə riskə gediləcəyini düşünmürəm. Amma Rusiya sərhədçilərinin Ermənistandan çıxarılmasının təməli qoyulur. Bütün bunların seçkidən sonra daha qəti şəkildə qoyulacağını düşünmək olar”.
Elşad,
Musavat.com