AZ

İrəvandan kritik “rus sərhədçiləri” açıqlaması – məchul gedişat

“Baş nazir Nikol Paşinyanın rus sərhədçilərinin mərhələli şəkildə əvəzlənməsi ilə bağlı bəyanatı həm daxili siyasi kontekstdə, həm də regional təhlükəsizlik prizmasında qiymətləndirilməlidir”.

Deputat Rizvan Nəbiyev Musavat.com-a açıqlamasında  Paşinyanın Ermənistan sərhədlərindəki rus sərhədçilərlə bağlı son açıqlamasına münasibət bildirərkən  belə deyib. Onun sözlərinə görə, N.Paşinyan bu gün brifinq zamanı deyib ki, dövlətin imkanları artdıqca Ermənistan sərhədçiləri İran və Türkiyə ilə sərhədin müəyyən hissələrində mərhələli şəkildə yerləşdiriləcək. Paşinyan deyib: “Biz həm də rusiyalı sərhədçilərə sərhədin mühafizəsinə görə ödəniş edirik. Elə hallar olub ki, rusiyalı tərəfdaşlarımız ödənişin artırılması məsələsini qaldırıblar, çünki mövcud vəsait bu xidmətin göstərilməsi üçün kifayət deyil”. Paşinyan bildirib ki, rusiyalı tərəfdaşlar Ermənistan üçün məqbul olan məbləğ qarşılığında işləməyə davam edə bilərlər, qalan hissəni isə ermənistanlı sərhədçilər mərhələli şəkildə nəzarətə götürəcəklər.

R.Nəbiyevin sözlərinə görə, bu açıqlamalar ilk növbədə Ermənistanın suverenlik diskursunu gücləndirməyə yönəlib və seçkiöncəsi ritorikanın tərkib hissəsi kimi qəbul edilə bilər: “Lakin məsələ təkcə siyasi bəyanatda deyil, real hərbi-logistik və geosiyasi faktorlarla sıx bağlıdır. Ermənistanın Rusiya ilə sərhəd mühafizəsi sahəsində uzun illərdir, daha doğrusu müstəqilliyini qazanandan bəri institusional asılılığı mövcuddur. Xüsusilə Türkiyə və İranla sərhədlərdə rus sərhədçiləri faktiki olaraq Ermənistanın baxışından təhlükəsizlik təminatçısı rolunu oynayır. Bu modelin qısa müddətdə dəyişdirilməsi həm texniki, həm də maliyyə baxımından Ermənistan üçün asan görünmür, həm də müəyyən geosiyasi riskləri özündə ehtiva edir”.

R.Nəbiyev bildirdi ki, N.Paşinyanın qeyd etdiyi kimi, Ermənistan hazırda bu xidmətlərə görə ödəniş edir və hətta bu ödənişlərin artırılması məsələsi gündəmə gəlib: “Bu isə göstərir ki, məsələ yalnız təhlükəsizlik deyil, həm də iqtisadi-maliyyə baxımından yükdür. Ermənistanın məhdud büdcə imkanları fonunda sərhədin tam şəkildə öz qüvvələri ilə qorunması üçün ciddi investisiyalar tələb olunur. Digər tərəfdən, bu bəyanat Moskva ilə münasibətlər kontekstində də mesaj xarakteri daşıyır. Ermənistan son illərdə Qərbə yaxınlaşma siyasəti fonunda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində passiv mövqe sərgiləyir və bu, Rusiya ilə münasibətlərdə gərginlik yaradır. Bu baxımdan sərhədçilərin çıxarılması ideyası həm də siyasi təzyiq aləti kimi istifadə oluna bilər. Lakin reallıq ondan ibarətdir ki, Ermənistanın sərhəd infrastrukturu, texniki təminatı və kadr potensialı yalnız mərhələli şəkildə bu keçidi tam şəkildə təmin etməyə hazır ola bilər”.

R.Nəbiyev əlavə etdi ki, xüsusilə Türkiyə ilə sərhəd NATO üzvü olan bir ölkə ilə təmas xətti olduğuna görə əlavə həssaslıq daşıyır: “Amma Türkiyədən Ermənistanın təhlükəsizliyi üçün təhdid yoxdur. İran istiqamətində isə vəziyyət müəyyən qədər fərqlidir. Tehran regionda balansın qorunmasına xüsusi həssaslıqla yanaşır. Bu baxımdan Ermənistanın addımları regional aktorların reaksiyasını da nəzərə almalıdır. Ümumilikdə, Paşinyanın bəyanatı daha çox mərhələli və şərti xarakter daşıyır. O, “imkanlar artdıqca” ifadəsi ilə faktiki olaraq qısa müddətdə radikal dəyişikliklərin mümkün olmadığını etiraf edir. Yəni bu proses uzunmüddətli transformasiya kimi nəzərdə tutulur. Azərbaycan baxımından bu inkişaflar regionda güc balansının dəyişməsi və Ermənistanın təhlükəsizlik arxitekturasında transformasiya kimi qiymətləndirilə bilər. Ölkəmixə münasibətdə bu proses iki istiqamətdə qiymətləndirilə bilər: bir tərəfdən Ermənistanın daha müstəqil qərar verməsi normallaşma prosesində praqmatikliyi artıra bilər, digər tərəfdən isə yaranacaq boşluq yeni xarici təsirləri gücləndirə bilər. Zəngəzur istiqamətində kommunikasiyalar baxımından məsuliyyət birbaşa İrəvana keçə bilər ki, bu da həm imkan, həm risk yaradır. İmkan ona görə ki, tərəf müqabil Ermənistan olacaq, risk ona görə ki, işğalçı keçmişə malik, revanşistlərin olduğu bir dövlətin hərəkətləri asan proqnozlaşdırılan deyil. Nəticə olaraq, proses Azərbaycanın mövqeyini zəiflətmir, əsas şərt qardaş və strateji müttəfiqimiz Türkiyə ilə koordinasiyanın davam etdirilməsi və regional balansın diqqətlə izlənməsidir”.

Elşad Paşasoy,

Musavat.com

Seçilən
64
19
musavat.com

10Mənbələr