AZ

Rusiyanın “Afrika Korpusu” Malidə Kidal şəhərini tərk edib

2023-cü ildə ələ keçirilən strateji şəhərin itirilməsi Moskvanın Afrikadakı maraqlarına zərbə sayılır...

Mali ordusu və Rusiyanın “Afrika Korpusu” qüvvələri 2023-cü ildə nəzarətə götürdükləri Kidal şəhərini tərk ediblər.

Poliqon xəbər verir ki, u barədə “Afrika Korpusu” öz teleqram kanalında məlumat yayıb. Bildirilib ki, şəhər Mali Respublikası rəhbərliyinin birgə qərarına uyğun olaraq boşaldılıb.

Məlumata görə, ilk növbədə yaralı hərbçilər və ağır texnika ərazidən çıxarılıb.

Qurumun bəyanatında qeyd olunub ki, şəxsi heyət qarşıya qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirməyə davam edir və Malidə vəziyyət mürəkkəb olaraq qalır.

Bazar günü Kidalın tərk edilməsi barədə məlumatı tuareq üsyançılarından ibarət Azavadın Azadlıq Cəbhəsi də yayıb.

Sosial şəbəkələrdə yayılan kadrlarda Rusiya hərbi texnikasının döyüşsüz şəkildə şəhərdən çıxaraq silahlı qrupların yanından keçdiyi görünür.

Fransanın Le Monde nəşrinin təhlükəsizlik mənbələrinə istinadən yazdığına görə, Mali ordusunun və “Afrika Korpusu”nun bir çox bölmələri hələ də Sevare və Qao şəhərlərindəki düşərgələrdə qalır.

Bir gün əvvəl Mali Silahlı Qüvvələri Kidalda hücumun dəf edilməsinin davam etdiyini bildirmişdi.

Analitiklər qeyd edirlər ki, Kidalın 2023-cü ildə ələ keçirilməsi Rusiyanın Malidə əsas uğurlarından biri hesab olunurdu. Rus muzdluları ölkədə ilk dəfə 2021-ci ildə, əvvəlcə “Vaqner” adı altında fəaliyyətə başlamışdı.

Ekspertlərin fikrincə, şəhərin itirilməsi Moskvanın son illər Afrikada sabitləşdirici alternativ güc kimi təqdim etdiyi siyasətinə ciddi zərbə vurur.

Konrad Adenauer Fondunun Sahel proqramının rəhbəri Ulf Lessinq bildirib ki, Kidalın itirilməsi Rusiya üçün fəlakət xarakteri daşıyır, çünki şəhər tuareqlər üçün simvolik dayaq nöqtəsi hesab olunur.

Məlumata görə, Malidə üsyançılar və islamçı qrupların ən böyük koordinasiyalı hücumlarından biri şənbə günü başlayıb.

Rusiya mənbələri yalnız bir neçə yaralı barədə məlumat versə də, bəzi hərbi bloqlarda helikopterin itirildiyi, ekipaj üzvlərinin və hərbçilərin həlak olduğu iddia olunur.

Poliqon.info

Seçilən
7
23
poliqon.info

10Mənbələr