AZ

Malidə silahlı hücum zamanı müdafiə naziri öldürülüb

Malinin müdafiə naziri general Sadio Kamara paytaxt Bamako yaxınlığındakı Kati şəhərində yerləşən iqamətgahına silahlı qrupların hücumu nəticəsində həlak olub. 

“The İndependent” nəşrinin məalumatına görə, hökumət sözçüsü İssa Usman Kulibali bildirib ki, nazirin evi intiharçı tərəfindən idarə olunan minalanmış avtomobillə hədəf alınıb. Nazir yaralı halda xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Silahlı qruplar eyni vaxtda ölkənin müxtəlif bölgələrində və paytaxtda hərbi obyektlərə hücumlar təşkil ediblər. Hücumlara görə məsuliyyəti “Əl-Qaidə” ilə əlaqəli “Camaat Nüsrət əl-İslam vəl Müslimin” təşkilatı və şimalda müstəqillik uğrunda vuruşan Tuareq üsyançıları öz üzərinə götürüb. Ölkə daxilində ordu yüksək hazırlıq vəziyyətinə gətirilib, bəzi bölgələrdə, o cümlədən paytaxt Bamako ətrafında komendant saatı elan edilib.

Qeyd edək ki, Mali 2012-ci ildən bəri siyasi qeyri-sabitlik və daxili münaqişələrlə üz-üzə qalıb. Son hadisə hərbi hökumətin təhlükəsizliyi təmin etmək gücünü yenidən sual altına qoyub. 

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
21
13
azerbaijan-news.az

10Mənbələr