Roma Papası XIV Leonun ABŞ Prezidenti Donald Tramp İrana qarşı müharibəni tənqid etməsi ilə start götürən söz atışması davam edir. Trampın ardınca vitse-prezident Ceyms Devid Vens Papaya qarşı sərt fikirlər səsləndirib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Vens Papa XIV Leonun “mənəvi məsələlər” və “katolik kilsəsində baş verənlər”lə məşğul olmalı olduğunu, Amerika siyasəti məsələlərini isə Donald Trampa buraxmağı vurğulayıb
ABŞ vitse-prezidenti əlavə edib ki, Vaşinqton və Müqəddəs Taxt-tac arasındakı münaqişədən "həddindən artıq narahat deyil".
ABŞ hakimiyyəti ilə Vatikan arasında söz atışması, gərginllik daha çox kimin zərərinədir? Daha çox kim narahat olmalıdır?
Yusif Bağırzadə Musavat.com-a bildirib ki, Vatikan klassik siyasi güc mərkəzi deyil, onun əsas təsir aləti “yumşaq güc”, mənəvi nüfuz və qlobal katolik icması üzərindəki təsiridir. Digər tərəfdə isə ABŞ kimi hərbi, iqtisadi və siyasi baxımdan dünyanın ən güclü dövlətlərindən biri var. Bu baxımdan, qısa müddətli siyasi mübahisələrdə daha çox reputasiya riski ABŞ üçün yaranır: “Xüsusilə Papa XIV Leo kimi qlobal miqyasda yüksək mənəvi nüfuza malik fiqurla açıq polemika ABŞ administrasiyasının bəzi beynəlxalq auditoriyalar və katolik icmaları qarşısında imicinə mənfi təsir göstərə bilər. ABŞ-ın daxilində milyonlarla katolik seçici mövcuddur və bu cür gərginlik daxili siyasi rezonans da doğura bilər.
Vatikan üçün isə risklər daha çox diplomatik balansla bağlıdır. Müqəddəs Taxt-Tac ənənəvi olaraq neytral və vasitəçi rolunu qorumağa çalışır. Açıq siyasi qarşıdurmada tərəf kimi görünməsi onun vasitəçilik imicinə müəyyən zərbə vura bilər. Geosiyasi baxımdan isə ABŞ daha çox itirən tərəf kimi görünür. Çünki böyük güclər üçün “yumşaq güc” elementləri, imic, beynəlxalq legitimlik sərt güc qədər vacibdir. Vatikanla qarşıdurma bu sahədə aşınma yarada bilər. Vatikan isə belə qarşıdurmalarda çox vaxt prinsipial mövqe nümayiş etdirərək öz mənəvi çəkisini qorumağa çalışır və bu, bəzən onun nüfuzunu daha da artırır”.
Etibar Seyidağa,
Musavat.com