AZ

Trampın addımları öz tərəfdarlarını da bezdirib

ABŞ-da prezident Donald Trampın son davranışları onun ən sadiq tərəfdarları arasında belə ciddi narazılıq yaradıb.

Musavat.com xəbər verir ki, bu barədə Politico nəşrində jurnalistlər Megan Messerli və Aleks Qanqitano tərəfindən hazırlanan məqalədə bildirilir .

Məqalədə qeyd olunur ki, Trampın Roma Papası Papa XIV Lev barədə sərt açıqlamaları və özünü İsa Məsih obrazında təqdim edən süni intellekt görüntüsü xüsusilə dini seçici qruplarında narazılığa səbəb olub.

Bildirilir ki, bu reaksiya təkcə bir qrupdan yox, həm evangelist protestantlardan, həm ənənəvi katoliklərdən, həm də populist mühafizəkar seçicilərdən gəlib. Bu isə Trampın əsas seçici bazasında parçalanmanın artdığını göstərir.

Mühafizəkar radio aparıcısı Erik Erikson bildirib ki, seçicilər artıq gözlədiklərini almır və bu, onların alternativlər axtarmasına səbəb olur. Onun sözlərinə görə, məsələ təkcə dini təhqir deyil, ümumi narazılığın yığılmasıdır.

Məqalədə qeyd olunur ki, Tramp administrasiyası hazırda bir neçə istiqamətdə tənqidlərlə üzləşir: deportasiya siyasətinin yetərincə sərt olmaması, iqtisadi problemlər və Yaxın Şərqdə yeni müharibə fonu seçicilərin narazılığını artırır.

Trampın müşaviri Maykl Kaputo isə bildirib ki, bu vəziyyət Respublikaçıların seçki perspektivlərinə təsir edə bilər. Onun fikrincə, Demokratlar katolik seçicilər arasındakı bölünmədən istifadə etməyə çalışacaq.

Məqalədə diqqət çəkən məqamlardan biri də Trampın katolik seçicilər arasında əvvəlki seçkilərdə yüksək nəticə əldə etməsi ilə bağlıdır. Belə ki, o, 2024-cü ildə bu qrupun 59 faizinin dəstəyini qazanmışdı, halbuki Co Bayden 2020-ci ildə katolik seçicilər arasında 52 faiz səs toplamışdı.

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson belə Trampdan sözügedən paylaşımı silməsini xahiş etdiyini bildirib ki, bu da vəziyyətin nə qədər həssas olduğunu göstərir.

Məqalədə həmçinin qeyd olunur ki, Trampın İranla bağlı siyasəti, iqtisadi çətinliklər və digər məsələlər fonunda artıq onun tərəfdarları arasında “yorğunluq” müşahidə olunur.

Sonda vurğulanır ki, Trampın qərarları və ritorikası Respublikaçı koalisiyanın daxilində parçalanmanı dərinləşdirə və bu da qarşıdakı seçkilərə ciddi təsir göstərə bilər.

Musavat.com

Seçilən
11
8
musavat.com

9Mənbələr