Son illərdə sağlam qidalanmaya marağın artması ilə çia toxumu da gündəlik rasionlarda geniş istifadə olunmağa başlayıb. Metbuat.az xəbər verir ki, kiçik ölçüsünə baxmayaraq, bu toxumlar orqanizm üçün olduqca zəngin və faydalı qida mənbəyi hesab olunur. Çia toxumu lif, protein, omega-3 yağ turşuları və müxtəlif vitaminlərlə zəngindir. Tərkibində kalsium, maqnezium və dəmir kimi vacib mineralların olması onu balanslı qidalanma üçün ideal seçimə çevirir. Bu xüsusiyyətləri sayəsində orqanizmin gündəlik ehtiyaclarını qarşılamağa kömək edir.Həzm sistemi üçün də çia toxumunun faydaları böyükdür. Yüksək lif tərkibi bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısını alır və ümumi həzmi tənzimləyir. Su ilə qarışdırıldıqda jel halına düşməsi isə mədədə qoruyucu təsir yaradır və rahat həzmə dəstək olur.Çia toxumu arıqlamaq istəyənlər üçün də faydalıdır. O, toxluq hissini artıraraq uzun müddət aclıq hissinin yaranmasının qarşısını alır. Bu da pəhriz saxlayan şəxslər üçün əlavə üstünlük yaradır.Bundan əlavə, çia toxumu ürək sağlamlığının qorunmasına da kömək edir. Tərkibində olan omega-3 yağ turşuları xolesterin səviyyəsini tənzimləyir və ürək-damar xəstəlikləri riskini azalda bilər. Eyni zamanda, bu toxumlar bədənə enerji verir, xüsusilə fiziki aktiv həyat tərzi keçirən insanlar üçün faydalı hesab olunur.Mütəxəssislər çia toxumunun yoqurt, smuzi və ya su ilə qarışdırılaraq istifadə olunmasını tövsiyə edir. Lakin hər bir qida kimi, onun da normada qəbul edilməsi vacibdir.