İranın Buşehr Nüvə Enerji Santralına endirilən zərbələr regionda gərginliyi pik həddə çatdırıb. ABŞ və İsrail tərəfindən hədəf alınan strateji obyekt artıq dördüncü dəfədir ağır hücuma məruz qalır. Baş verən partlayışlar və dağıntılar fonunda Tehran rəsmiləri bütün dünyanı sarsıdacaq bəyanatla çıxış ediblər.
İran Xarici İşlər Naziri Abbas Araqçi bildirib ki, nüvə obyektinin bombalanması yalnız Tehran üçün deyil, bütün Körfəz ölkələri üçün böyük təhlükədir. Araqçinin sözlərinə görə, mümkün radioaktiv sızıntı Tahranı deyil, Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin paytaxtlarını yaşanmaz hala gətirə bilər. O, beynəlxalq birliyin bu hücumlara səssiz qalmasını kəskin tənqid edərək, Qərbin vaxtilə Zaporojye AES ətrafındakı narahatlığını xatırladıb.

Hazırda gərginliyin digər tərəfində isə Donald Trampın ultimatum müddəti daralır. Hörmüz boğazının açılması və yeni sazişin imzalanması üçün verilən vaxtın bitməsinə cəmi 48 saat qalıb. Tramp sosial media hesabından etdiyi paylaşımda vaxtın dolduğunu və müqavilə bağlanmasa Tehranın ağır nəticələrlə üzləşəcəyini qeyd edib.
Sahədə isə diplomatik gedişlərin hələlik hər hansı nəticə vermədiyi görünür. ABŞ-nin vasitəçilər vasitəsilə təklif etdiyi 48 saatlıq müvəqqəti atəşkəs planına İran tərəfi rəsmi cavab verməkdən imtina edib. Bunun əvəzinə hərbi əməliyyatların miqyası genişlənib və Kuveyt yaxınlığındakı hərbi anbarların vurulması ilə qarşıdurma daha da kəskinləşib. Artıq bir aydan çoxdur davam edən bu hərbi prosesin regionun ekoloji və siyasi gələcəyini necə dəyişəcəyi sual altındadır.
Demokrat.az