ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları artıq bir aydan çoxdur davam edir. Halbuki müharibənin qısa müddətli olacağı Donald Tramp tərəfindən proqnozlaşdırılmışdı. Lakin hazırda 35 gündür davam edən qarşıdurmanın nə vaxt başa çatacağı hələ də qeyri-müəyyən olaraq qalır.
ABŞ Prezidentinin son çıxışında müharibənin taleyi ilə bağlı konkret açıqlamaların veriləcəyi gözlənilsə də, bu, baş vermədi.
Müharibənin nə zaman bitəcəyi və nə qədər davam edə biləcəyi ilə bağlı İnterpress.az-ın suallarını politoloq Əlimisa İbrahimov cavablandırıb.

Politoloq bildirib ki, müharibənin uzanmasını heç kim gözləmirdi və bu münaqişə uzandıqca, ölkələr və insanlar əziyyət çəkir.
“ABŞ və İsrailin İrana qarşı müharibəsi, bildiyimiz kimi, hələ də davam edir və bu gün dünya ictimaiyyətini ən çox narahat edən məsələlərdən biridir. Gözlənilirdi ki, ABŞ Prezidenti Donald Tramp xalqa və beynəlxalq ictimaiyyətə müraciət edərək müharibənin taleyi və ya bitmə vaxtı ilə bağlı konkret açıqlamalar verəcək.
Bu müraciət barədə bir neçə gün öncədən məlumat yayılsa da, Trampın çıxışı gözləntiləri doğrultmadı. O, əsasən sosial şəbəkələrdə səsləndirdiyi fikirləri təkrarladı və müharibə ilə bağlı yeni və konkret mesaj vermədi. Bu isə insanların narahatlığını daha da artırdı. Nəticə etibarilə, müharibənin nə vaxt başa çatacağı ilə bağlı hələ də dəqiq fikir yoxdur.
ABŞ Prezidenti müharibənin bitməsi üçün 2–3 həftə vaxt verildiyini bildirsə də, bu müddətin kifayət edib-etməyəcəyi və ya uzadılıb-uzadılmayacağı qeyri-müəyyən olaraq qalır. Hazırda döyüşlər davam edir və həm İran, həm İsrail ciddi itkilər verir. Eyni zamanda, Yaxın Şərqdə yerləşən bir sıra körfəz və ərəb ölkələri də İranın raket hücumlarından zərər çəkib.
Müharibənin təsirlərindən biri də enerji bazarında hiss olunur. Neftin qiyməti artıq bir barel üçün 120 dollara yaxınlaşır və artmaqda davam edir. Bu da qlobal iqtisadiyyata ciddi təsir göstərir və narahatlıq doğurur.
Müharibənin dayandırılması üçün əsas şərt tərəflərin qarşılıqlı hücumları dayandırmasıdır. ABŞ bildirir ki, əgər İran müəyyən şərtləri qəbul edərsə, müharibə dayandırıla bilər. Məlumata görə, ABŞ müharibənin dayandırılması üçün 15 bənddən ibarət şərtlər paketi təqdim edib.
Lakin bu şərtlər İran tərəfindən qəbul edilməyib. Əksinə, İran da öz növbəsində 6 bənddən ibarət təkliflər irəli sürüb. Bu isə danışıqların hələlik nəticəsiz qaldığını göstərir.
Tərəflər arasında razılıq əldə olunmadığı üçün müharibə davam edir. Şəhərlər raket zərbələrinə məruz qalır, yaşayış binaları, sənaye və hərbi obyektlər, həmçinin məktəblər dağıdılır, insanlar isə əziyyət çəkir”, – siyasətçi vurğulayıb.
Daha sonra politoloq Hörmüz boğazının bağlı qalması məsələsinə toxunub və qeyd edib ki, körfəzin bağlı qalması enerji qiymətlərinin artmasına və iqtisadiyyata ciddi zərbə vurur.
“Digər ciddi problem isə Hörmüz boğazı ilə bağlıdır. Bu strateji əhəmiyyətli keçidin bağlanması enerji qiymətlərinin artmasına və körfəz ölkələrinin iqtisadiyyatına ciddi zərbə vurur.
Bütün bunlara baxmayaraq, dünya ictimaiyyəti, o cümlədən ABŞ və İsraildə yaşayan insanlar müharibənin tezliklə başa çatmasını istəyir. Xüsusilə Yaxın Şərq ölkələri müharibənin təsirlərini birbaşa hiss etdikləri üçün onun tez bir zamanda bitməsinə çalışırlar.
Analitiklər hesab edir ki, ABŞ və İsrail əsas məqsədlərinə – İranın nüvə və raket proqramlarının zəiflədilməsi və regiondakı təsirinin azaldılmasına – nail olmadan müharibəni dayandırmayacaqlar.
Ehtimal olunur ki, verilmiş 2–3 həftəlik müddət başa çatdıqdan sonra tərəflər müəyyən nəticələr əldə etdiklərini bəyan edərək müharibənin dayandırıldığını elan edə bilərlər. Lakin hazırkı vəziyyətə əsasən, müharibənin yaxın zamanda bitəcəyi ilə bağlı dəqiq proqnoz vermək çətindir”, – politoloq fikrini yekunlaşdırıb.
Xuraman Etibarlı
İnterpress.az