AZ

Milli Məclisin nümayəndə heyəti II İliyanın dəfn mərasimində iştirak etmək üçün Tbilisidədir

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliyanın dəfn mərasimində iştirak etmək məqsədilə Tbilisiyə səfər edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin tərkibində Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə və Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov də yer alır.

Səfər çərçivəsində nümayəndə heyəti Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliyanın dəfn mərasimində iştirak edərək Azərbaycan xalqının dərin hüzn və ehtiramını gürcü xalqına çatdıracaq.

Qeyd edək ki, II İliya martın 17-də 93 yaşında vəfat edib. Onun vəfatı ilə əlaqədar Gürcüstanda matəm elan olunub.

Patriarxla vida mərasimi Müqəddəs Üçlük Katedralından Sioni Katedralına qədər yürüşlə müşayiət olunacaq.

Məlumata əsasən, Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya bu gün saat 15-də Sioni Katedralında dəfn ediləcək.

Seçilən
71
23
azerbaijan-news.az

10Mənbələr