AZ

Sahibə Qafarova Gürcüstan patriarxının dəfn mərasimində iştirak edib

Azərbaycan nümayəndə heyəti Tbilisidə keçirilən vida mərasimində Gürcüstan xalqına başsağlığı verib...

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər edərək bütün Gürcüstanın katolikos-patriarxı II İliyanın dəfn mərasimində iştirak edib.

Poliqon xəbər verir ki, bu barədə rəsmi mənbələr məlumat yayıb.

Martın 22-də Tbilisidə yerləşən Müqəddəs Üçlük kafedral kilsəsində keçirilən vida mərasimində çıxış edən Sahibə Qafarova Azərbaycan xalqı adından Gürcüstan xalqına dərin hüznlə başsağlığı verib, mərhum dini liderin xatirəsinə ehtiramını ifadə edib.

Milli Məclisin sədrini mərasimdə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili və bu ölkənin xarici işlər naziri Maka Boçorişvili qarşılayıb. Tədbirdə həmçinin dünya pravoslav icmasının nümayəndələri və bir sıra yüksək vəzifəli şəxslər iştirak ediblər.

Mərasim zamanı Ümumdünya patriarxı, Gürcüstan prezidenti, parlament sədri, baş nazir və “Gürcü arzusu” partiyasının fəxri sədri kilsədə toplaşanlara müraciət edərək II İliyanın həyat və fəaliyyətini yüksək qiymətləndiriblər.

Vida mərasimindən sonra yas yürüşü Müqəddəs Üçlük kafedralından başlayaraq Sioni kafedralına qədər davam edib və patriarxın nəşi həmin kilsəyə aparılıb.

Azərbaycan nümayəndə heyətinin tərkibinə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Baş nazirin müavini Samir Şərifov, eləcə də Milli Məclisin bir qrup deputatı daxil olub.

Poliqon.info

Seçilən
102
23
poliqon.info

10Mənbələr