AZ

“Qərbi Azərbaycan geosiyasi faktor kimi: ideyanın intibahı”

Martın 13-də Qərbi Azərbaycan İcmasında tədqiqatçı Kamal Adıgözəlovun müəllifi olduğu “Qərbi Azərbaycan geosiyasi faktor kimi: ideyanın intibahı” adlı monoqrafinın təqdimatı keçirildi.

Tədbirdə Qərbi Azərbaycan İcması Ziyalılar Şurası sədrinin müavini, akademik Nizami Cəfərov, QAİ İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov, QAİ Ziyalılar Şurası sədrinin müavini, pedaqogika elmləri doktoru, professor Fərrux Rüstəmov, Milli Məclisin deputatları, alimlər, ictimai xadimlər, tədqiqatçılar və media nümayəndələri iştirak edirdilər.

Çıxış edənlər kitabın Qərbi Azərbaycan məsələsinin geosiyasi və politoloji aspektdən araşdırılması baxımından mühüm elmi əhəmiyyət daşıdığını vurğuladılar. Kitabın müəllifi Kamal Adıgözəlov bildirdi ki, monoqrafiyada məsələ müasir beynəlxalq münasibətlər kontekstində təhlil olunub, tarixi, siyasi və geosiyasi aspektlərin qarşılıqlı əlaqəsi elmi yanaşma ilə araşdırılıb. Araşdırmada XVIII əsrin ikinci yarısından başlayaraq XXI əsrin üçüncü onilliyinə qədər Qərbi Azərbaycan məsələsinin müxtəlif mərhələlərdə necə dərk edildiyi təhlil olunub. Kitabda sovet dövrünün araşdırılmasına xüsusi yer ayrılıb, həmçinin Millətlər Liqası və BMT-nin Qərbi Azərbaycanla bağlı mövqeləri konkret sənədlər əsasında təhlil edilib.

Təqdimat mərasimində çıxış edən akademik Nizami Cəfərov Qərbi Azərbaycan məsələsinin elmi əsaslarla araşdırılmasının və ictimai müzakirəyə çıxarılmasının vacibliyini vurğuladı. O bildirdi ki, təqdim olunan monoqrafiya bu istiqamətdə aparılan tədqiqatlara mühüm töhfədir.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa isə bildirdi ki, monoqrafiyada Qərbi Azərbaycanla bağlı tarixi faktların sistemli şəkildə araşdırılması mövzunun elmi əsaslarla təqdim olunmasına xidmət edir.

Qeyd edək ki, “Qərbi Azərbaycan geosiyasi faktor kimi: ideyanın intibahı” monoqrafiyası Azərbaycanın milli dövlətçilik tarixinin tədqiqatçıları, müəllimlər, tələbə və doktorantlar, siyasətçilər, dövlət qulluqçuları və mövzu ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

T.ARAZOĞLU
XQ

Seçilən
0
4
xalqqazeti.az

5Mənbələr