AZ

“Qərbi Azərbaycan geosiyasi faktor kimi: ideyanın intibahı” kitabının təqdimatı olub

Bakı, 13 mart, AZƏRTAC

Martın 13-də Qərbi Azərbaycan İcmasında tədqiqatçı Kamal Adıgözəlovun “Qərbi Azərbaycan geosiyasi faktor kimi: ideyanın intibahı” adlı monoqrafiyasının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində çıxış edən Qərbi Azərbaycan İcmasının (QAİ) Ziyalılar Şurasının sədr müavini, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov Qərbi Azərbaycan məsələsinin elmi əsaslarla araşdırılmasının və ictimai müzakirəyə çıxarılmasının vacibliyini vurğulayıb. O bildirib ki, təqdim olunan monoqrafiya bu istiqamətdə aparılan tədqiqatlara mühüm töhfədir.

Qətbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa isə vurğulayıb ki, monoqrafiyada Qərbi Azərbaycanla bağlı tarixi faktların sistemli şəkildə araşdırılması mövzunun elmi əsaslarla təqdim olunmasına xidmət edir. Digər çıxışçılar - professor Elçin Əhmədov, QAİ Ağsaqqallar Şurasının üzvü, Çəmbərək rayon İcmasının sədri, professor Əvəz Ələkbərov, QAİ Ziyalılar Şurası sədrinin müavini, professor Fərrux Rüstəmov monoqrafiyada Qərbi Azərbaycanla bağlı tarixi faktların sistemli şəkildə araşdırılması mövzunun elmi əsaslarla təqdim olunmasına xidmət etdiyini bildiriblər.

Qərbi Azərbaycan məsələsinin geosiyasi və politoloji aspektdən araşdırılması baxımından mühüm elmi əhəmiyyət daşıdığı qeyd edilib. Bildirilib ki, monoqrafiyada məsələ müasir beynəlxalq münasibətlər kontekstində təhlil olunur, tarixi, siyasi və geosiyasi aspektlərin qarşılıqlı əlaqəsi elmi yanaşma ilə araşdırılır.

Araşdırmada XVIII əsrin ikinci yarısından başlayaraq XXI əsrin üçüncü onilliyinə qədər Qərbi Azərbaycan məsələsinin müxtəlif mərhələlərdə necə dərk edildiyi təhlil olunur. Kitabda sovet dövrünün araşdırılmasına xüsusi yer ayrılıb, həmçinin Millətlər Liqası və BMT-nin Qərbi Azərbaycanla bağlı mövqeləri konkret sənədlər əsasında təhlil edilir.

“Qərbi Azərbaycan geosiyasi faktor kimi: ideyanın intibahı” monoqrafiyası Azərbaycanın milli dövlətçilik tarixinin tədqiqatçıları, müəllimlər, tələbə və doktorantlar, siyasətçilər, dövlət qulluqçuları və mövzu ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Seçilən
35
azertag.az

1Mənbələr