Bakı. TurkicWorld:
Martın 13-də Qərbi Azərbaycan İcmasında tədqiqatçı Kamal Adıgözəlovun “Qərbi Azərbaycan geosiyasi faktor kimi: ideyanın intibahı” adlı monoqrafiyasının təqdimat mərasimi keçirilib.
TurkicWorld xəbər verir ki,tədbirdə Milli Məclisin deputatları, alimlər, ictimai xadimlər, tədqiqatçılar və media nümayəndələri iştirak ediblər. Qeyd olunub ki, monoqrafiyada Qərbi Azərbaycan məsələsi geosiyasi və politoloji aspektdən geniş şəkildə araşdırılır, mövzu müasir beynəlxalq münasibətlər kontekstində təhlil edilir. Əsərdə tarixi, siyasi və geosiyasi amillərin qarşılıqlı əlaqəsi elmi yanaşma əsasında təqdim olunur.
Araşdırmada XVIII əsrin ikinci yarısından başlayaraq XXI əsrin üçüncü onilliyinə qədər Qərbi Azərbaycan məsələsinin müxtəlif mərhələlərdə necə dərk edildiyi təhlil edilir. Kitabda sovet dövrünün araşdırılmasına xüsusi yer ayrılıb, həmçinin Millətlər Liqası və Birləşmiş Millətlər Təşkilatının Qərbi Azərbaycanla bağlı mövqeləri konkret sənədlər əsasında təhlil olunub.
Təqdimat mərasiminin moderatoru Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, Çəmbərək rayon İcmasının sədri, iqtisad elmləri doktoru, professor Əvəz Ələkbərov olub. O çıxışında bildirib ki, Qərbi Azərbaycan mövzusu yalnız tarixi baxımdan deyil, həm də müasir geosiyasi reallıqlar kontekstində araşdırılmalıdır. Onun sözlərinə görə, bu cür elmi əsərlər mövzunun beynəlxalq elmi müstəvidə təqdim olunmasına və akademik tədqiqatların genişlənməsinə mühüm töhfə verir.
Təqdimat mərasimində çıxış edən Ziyalılar Şurasının sədr müavini, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov Qərbi Azərbaycan məsələsinin elmi əsaslarla araşdırılmasının və ictimai müzakirəyə çıxarılmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, təqdim olunan monoqrafiya mövzunun politoloji və geosiyasi baxımdan sistemli şəkildə araşdırılmasına töhfə verən mühüm elmi əsərlərdən biridir.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa çıxışında bildirib ki, monoqrafiyada Qərbi Azərbaycanla bağlı tarixi faktlar ardıcıl və sistemli şəkildə təqdim olunub. Onun sözlərinə görə, müəllif müxtəlif dövrlərdə baş verən siyasi prosesləri, arxiv sənədlərini və elmi mənbələri müqayisəli şəkildə təhlil edərək mövzuya kompleks yanaşma nümayiş etdirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov çıxışında qeyd edib ki, monoqrafiyada Qərbi Azərbaycan məsələsinin beynəlxalq münasibətlər sistemində yeri və rolu geniş şəkildə təhlil edilir. O vurğulayıb ki, müəllif məsələni yalnız tarixi aspektdə deyil, həm də müasir geosiyasi reallıqlar və regional proseslər fonunda qiymətləndirərək mövzuya yeni elmi yanaşma təqdim edib.
Ziyalılar Şurası sədrinin müavini, pedaqogika elmləri doktoru, professor Fərrux Rüstəmov isə bildirib ki, monoqrafiya elmi tədqiqat baxımından mühüm mənbə olmaqla yanaşı, gənc tədqiqatçılar və tələbələr üçün də dəyərli materialdır. Onun sözlərinə görə, kitabda Qərbi Azərbaycan mövzusu sistemli şəkildə araşdırılaraq həm tarixi faktlar, həm də müasir elmi yanaşmalar əsasında təqdim olunub.
Tədbirdə çıxış edən Meğri rayon İcmasının sədr müavini Bə-Rəhman Zairov də qeyd edib ki, Qərbi Azərbaycanla bağlı aparılan tədqiqatların genişləndirilməsi tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu kimi elmi əsərlər Qərbi Azərbaycandan olan soydaşların tarixi yaddaşının qorunmasına və mövzunun elmi müstəvidə araşdırılmasına ciddi töhfə verir.
Qeyd edək ki, “Qərbi Azərbaycan geosiyasi faktor kimi: ideyanın intibahı” monoqrafiyası Azərbaycanın milli dövlətçilik tarixinin tədqiqatçıları, müəllimlər, tələbə və doktorantlar, siyasətçilər, dövlət qulluqçuları və mövzu ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.