“Mançester Siti”yə rəhbərlik edən ispan mütəxəssis Xosep Qvardiola İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı məşqçisi seçilib.
Arena.az bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytına istinadən məlumat verir.
“Şəhərlilər” fevralda Premyer Liqada keçirdiyi 5 oyunda 4 qələbə qazanıb, 1 heç-heçə edib.
Qvardiola bu mükafatı 12-ci dəfə qazanıb. O, hazırda “Everton”u çalışdıran Devid Moyesi (11 dəfə) üstələyib. “Mançester Yunayted”in keçmiş baş məşqçisi Aleks Ferqyuson (27 dəfə) bu göstəricidə birinci yerdə qərarlaşıb. “Arsenal”da işləmiş Arsen Venger (15 dəfə) ikincidir.
Cari mövsümdə ilk belə mükafat “Liverpul”un sabiq çalışdırıcısı Arne Slota verilmişdi. Niderlandlı mütəxəssis avqust ayının ən yaxşısı elan edilmişdi. Sentyabrda “Kristal Pelas”ı çalışdıran Oliver Qlasner, oktyabrda “Mançester Yunayted”ə rəhbərlik etmiş Ruben Amorim, noyabrda “Çelsi”ni çalışdırmış Entso Mareska, dekabrda “Aston Villa”nın çalışdırıcısı Unai Emeri, yanvarda isə “Mançester Yunayted”in müvəqqəti baş məşqçisi Maykl Karrik ən yaxşı seçilmişdi.
55 yaşlı Xosep Qvardiola “Mançester Siti”yə 2016-cı ilin yayından rəhbərlik edir. O, “şəhərlilər”i indiyə qədər 579 oyuna çıxarıb, 414 qələbə, 74 heç-heçə və 91 məğlubiyyət görüb.
Qvardiola “Mançester Siti” ilə bütün mümkün titulları qazanıb. O, daha öncə “Barselona” və “Bayern”ə də rəhbərlik edib.
