“Karvan”ın baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın 24-cü turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Dalğa Arena”da baş tutmuş görüşü Yevlax təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Füzuli Məmmədov qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Oyuna çox ciddi hazırlaşmışdıq. Qələbə qazanmaq istəyirdik. Düşünürdük ki, ən azından məğlub olmarıq. Birinci hissədə iki səhv etdik. Bundan sonra geridönüş etmək çətin oldu. İkinci yarıda daha aqressiv oynadıq. Bir qol vurduq. İkinci qolu vurmaq üçün epizodlarımız olsa da, dəyərləndirə bilmədik. İkinci hissədə irəlidə oynadıq. “Araz-Naxçıvan” kimi komandaya 2-3 qol vurmaq çətindir. Bəzi epizodlarda səhv qərarlar ikinci qolu vurmağa mane oldu. Qarşıdakı oyunlara hazırlaşacağıq”.
