“Son bir neçə il ərzində Azərbaycanda əhalinin artım tempində azalma müşahidə olunmaqdadır. 2015-ci ildə Azərbaycanda yüz altmış mindən yuxarı uşaq doğulduğu halda, 2025-ci ildə bu göstərici yüz minin altında olub”.
Vətəninfo.az xəbər verir ki, bunu birinci vitse-spiker Əli Əhmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsi zamanı bildirib.
Əli Əhmədov daha sonra demokrafik vəziyyətlə bağlı dəhşətli statistikanı açıqlayıb: “2015-ci ildə orta məktəblərdə 1.5-1.6 milyon uşaq təhsil alırdısa, bir neçə il sonra məktəblərdə təhsil alan uşaqların sayı 1 milyon olacaq. Bu da 50 minə yaxın müəllimin ixtisarı riskini də yaradır. Bir neçə on il sonra isə pensiyada olan əhali ilə işləmək qabiliyyəti olan əhali arasında nisbətdə ciddi dəyişiklik olacaq. Güman edirəm ki, 2026-cı ildə və sonrakı illərdə Əli müəllimin (red: Baş nazir Əli Əsədov) başçılığı ilə hökumət demoqrafik məsələlərə diqqəti artırmış olacaq”, – Ə.Əhmədov qeyd edib.