Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov dünya çempionatının seçmə mərhələsi çərçivəsində Şimali Makedoniya yığması ilə “Dalğa Arena”da keçirilən oyundan sonra mətbuat konfransında fikirlərini bildirib:
Rekord.az xəbər verir ki, o, 2:0 hesablı qələbəni belə şərh edib:
“Çox yaxşı gün oldu. Əlbəttə ki, çətin oyun salındı. Qələbə qazanmaq istəyirdik və bunu bacardığımız üçün qürur duyuruq. Futbolçularımıza təşəkkür edirəm. Matçın ilk 20 dəqiqəsində səhvlərimiz oldu, amma getdikdə komanda özünə gəldi. İkinci hissədə də rəqibin təzyiq edəcəyini bilirdik. Maksimum dərəcədə diqqətli olmalıydıq. Çünki rəqib bərabərlik qolu üçün hücuma atılacaqdı və haradasa səhv edəcəkdi. Qızlar sona qədər xarakter göstərərək ikinci qolu vurdular və qələbə qazandıq”.
Siyasət Əsgərov martın 7-də səfərdə Macarıstan yığması ilə keçiriləcək matçdan da uğurlu nəticə ilə dönməyi hədəflədiklərini söyləyib:
“Qısa müddətdə bərpa olunmaq çox çətindir. Heyətimizdə itkilər var, 3 futbolçumuz zədə səbəbindən heyətdən kənarda qalıb. Bizi indi Macarıstana uzun səfər gözləyir. Rəqibin gücünə bələdik, heyətində fərdi cəhətdən yüksək keyfiyyətə malik oyunçular var. Buna baxmayaraq, Macarıstandan minimum heç-heçə ilə qayıtmağı hədəfləyirik”.