Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov dünya çempionatının seçmə mərhələsi çərçivəsində Şimali Makedoniya yığması ilə “Dalğa Arena”da keçirilən oyundan (2:0) sonra mətbuat konfransında fikirlərini səsləndirib.
Msport.az xəbər verir ki, o, oyunun çətin keçdiyini etiraf edib:
“Çox yaxşı gün oldu. Əlbəttə ki, çətin oyun alındı. Qələbə qazanmaq istəyirdik və bunu bacardığımız üçün qürur duyuruq. Futbolçularımıza təşəkkür edirəm. Matçın ilk 20 dəqiqəsində səhvlərimiz oldu, amma getdikcə komanda özünə gəldi. İkinci hissədə də rəqibin təzyiq edəcəyini bilirdik. Maksimum dərəcədə diqqətli olmalıydıq. Çünki rəqib bərabərlik qolu üçün hücuma atılacaqdı və haradasa səhv edəcəkdi. Qızlar sona qədər xarakter göstərərək ikinci qolu vurdular və qələbə qazandıq”.