“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-offunda “Nyukasl”a qarşı keçirdikləri ilk oyunu şərh edib.
Arena.az xəbər verir ki, Azərbaycan və İngiltərə təmsilçiləri arasındakı ilk oyun bu gün Bakıda baş tutub və Ağdam klubunun 1:6 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qurban Qurbanov oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Doğma meydanda belə bir məğlubiyyət almaq istəməzdik. Artıq elə bir səviyyədə çıxış edirik ki, burada belə məğlubiyyətlər qaçılmazdır. İlk qolları buraxdıqdan sonra futbolçularım, boks dilində desək, “nokaut”a düşdülər. Məğlubiyyətə baxmayaraq, azarkeşlər sonadək yanımızda oldular, birliyimizi göstərdilər. Onlara təşəkkür edirəm. Bu il futbol ölkəmizdə daha da populyarlaşdı.
Fasilədə futbolçuları sakitləşdirməklə məşğul idim. Belə davam etməməli olduqlarını söylədim. Rotasiyaları düşünmürəm. Qarşıda cavab oyunumuz var. 3-4 məşqimiz olacaq, daha da yaxşı hazırlaşmalıyıq. Qarşımızda səhvləri bağışlamayan rəqib var. Bunu yaddan çıxarmaq olmaz.
Mənim fikirlərim özünü sığortalamaq kimi düşünülə bilər. Amma bu belə deyil. Hər oyun keçdikcə rəqiblərin gücü fərqli olur. Pley-off mərhələsinə kimi çıxmışıqsa, bunu müəyyən uğur kimi qəbul etmək olar. Bu səviyyələrdə oynayanda bu kimi məğlubiyyətlərə də hazır olmalıyıq. Futbolumuzun da inkişafı üçün bu məğlubiyyətlər qaçılmazdır. Azarkeşlərin sona qədər stadionu tərk etməyib bizi dəstəkləməkləri təqdirəlayiqdir. Rəqibə də göstərdik ki, biz məğlub ola bilərik, amma oyundan qopa bilmərik.
Biz bu gün bacardığmızın daha yaxşısını etməyə çalışdıq. Qarşımızdakı rəqibə görə futbolçularımda bu gün həyacan da var idi”.
