AZ

Əlilliyi olan gənclərin inkişafı diqqət mərkəzindədir - AÇIQLAMA

2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə ölkəmizdə gənclərin inkişafına yönəlmiş siyasətin və ictimai təşəbbüslərin əhəmiyyəti bir daha vurğulanır. Son illər gənclərin təhsil, məşğulluq, sosial fəallıq və şəxsi inkişaf imkanları əhəmiyyətli dərəcədə genişlənib. Bu proses cəmiyyətin bütün təbəqələrini, o cümlədən əlilliyi olan gəncləri də əhatə edən inklüziv yanaşmanın formalaşmasına xidmət edir.

Bu fikirləri "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyinin sədri Cəmilə Abdulova QHT.az- a açıqlamasında bildirib. Onun sözlərinə görə, uğurlu gəncin əsas xüsusiyyəti özünə inam, davamlı inkişaf istəyi və sosial məsuliyyət hissidir. Müasir gənclik artıq yalnız fərdi nailiyyətlərə deyil, həm də cəmiyyətə töhfə verməyə, sosial problemlərə həssas yanaşmağa üstünlük verir:

"Rəhbərlik etdiyimiz təşkilat gənclərin, xüsusilə eşitmə məhdudiyyətli gənclərin sosial adaptasiyasına, bacarıqlarının gücləndirilməsinə və ictimai həyata fəal qoşulmasına dəstək göstərir. Məqsəd gənclərin potensialını üzə çıxarmaq, onların özünə inamını artırmaq və cəmiyyətin fəal üzvləri kimi formalaşmasına töhfə verməkdir. Biz inanırıq ki, gənclər dəyişimin əsas hərəkətverici qüvvəsidir. Uğur yalnız şəxsi nailiyyətlə ölçülmür — başqalarına yol açmaq, cəmiyyət üçün faydalı olmaq da uğurun mühüm göstəricisidir".

QHT sədri sonda bütün gəncləri 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə səmimi qəlbdən təbrik edib, hər biriniə sağlamlıq, uğurlar və arzularına doğru inamla irəliləməyi arzulayıb:

"Əziz gənclər, Gününüz mübarək!"

Seçilən
79
3
qht.az

10Mənbələr