Son iki ildə keçirilən tədbirlər və gənclər üçün yaradılmış imkanlar çox əhəmiyyətlidir. Faydalı olmaq, cəmiyyətə töhfə vermək, özünü və ətrafını inkişaf etdirmək, təhsil almaq istəyi olduqca vacibdir. Bildiyiniz kimi, təşkilatımız insan alveri və məişət zorakılığına qarşı mübarizə sahəsində ixtisaslaşmış bir qurumdur. Qadın və uşaq sığınacağının fəaliyyəti ilə yanaşı, maarifləndirmə və təbliğat işi də aparırıq. Demək olar ki, elə bir mövzu yoxdur ki, biz orada maarifləndirmə tədbirləri keçirməyək.
Bu fikirləri “Təmas” Regional İnkişaf İctimai Birliyinin icraçı direktoru Kübra Ələkbərova QHT.az- a açıqlamasında bildirib. Onun sözlərinə görə, son dövrlərdə QHT sektorunda layihələrin demək olar ki, olmaması bu fəaliyyətləri ciddi şəkildə məhdudlaşdırır. Son vaxtlar rayonlarda gənclərin icmalaşması və təlimlərə cəlb olunması faizi də aşağıdır. Bunun əsas səbəbi layihələrdə yaranan durğunluqdur:
"Bütün rayonlarda Gənclər mərkəzləri mövcuddur. Məsələn, Gəncə şəhərindəki Gənclər mərkəzi şəhərin ucqar ərazisində yerləşir və gəncin ora getməsi üçün ciddi maliyyə xərci tələb olunur. Təlimlər təmənnasız keçirilsə də, mərkəzə çatmaq üçün yol xərci gənclər üçün əlavə yük yaradır. Bu isə onların iştirak imkanlarını məhdudlaşdırır. Mərkəz fiziki baxımdan gözəldir, lakin faktiki olaraq səssizlik hökm sürür. Əsas məsələ onun gənclər üçün əlçatan olmasıdır. Bu, olduqca ciddi və diqqət tələb edən bir problemdir".
Pərvanə Fərhadqızı