AZ

Türkiyədə muzeydə Azərbaycan tarixi və zəfərimizlə bağlı guşələr yaradılacaq

BAKI, 30 yanvar. TELEQRAF

Türkiyənin Ordu şəhərindəki “Metehandan Mehmetçiyə” Türk Dövlətləri Muzeyində Azərbaycan tarixi və zəfərimizlə bağlı guşələr yaradılacaq.

Bu barədə Teleqraf-a Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

"Türkiyənin Ordu şəhərində Böyükşəhər Bələdiyyəsinin mədəniyyət layihəsi çərçivəsində “Metehandan Mehmetçiyə” Türk Dövlətləri Muzeyi açılıb. Muzeydə yaradılmış stendlərdə Türk tarixi xronoloji ardıcıllıqla müxtəlif əsər və eksponatlarla təqdim olunur. Türk tarixində iz buraxmış şəxsiyyətlərin büstləri və tarixi dövrləri əks etdirən əşyalar nümayiş olunur. Qeyd edək ki, muzeyin həyətində açıq havada tarixdə mövcud olmuş 16 Türk dövlətini qurmuş şəxsiyyətlərin büstləri və sözügedən dövlətlərin bayraqları, habelə Çanaqqala zəfərini əks etdirən Türk əsgərlərinin heykəlləri ucaldılıb.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Ordu şəhərindəki “Metehandan Mehmetçiyə” Türk Dövlətləri Muzeyini ziyarət edərək Ordu Böyükşəhər Bələdiyyəsinin idarə heyətinin sədri, eyni zamanda muzeyin rəhbəri Dr. Mimar Nihat Şenlə görüşüb.
Görüş zamanı Türk dünyasının ortaq tarixinə işıq salan muzeydə maraqlı bölmələrin təşkil olunması, tarixi dövrlər üzrə yüksək səviyyəli guşələrin, eksponatların və heykəllərin yaradılmasının əhəmiyyəti, həmçinin bu tarixin gələcək nəsillərə çatdırılmasında muzeyin mühüm rolu qeyd olunub.
Qeyd edək ki, muzeydə tarixin müxtəlif dövrləri xronoloji ardıcıllıqla əyani və rəqəmsal vasitələrlə ziyarətçilərə təqdim olunur.
Görüş çərçivəsində Türk dünyası dövlətçilik tarixində mühüm rol oynamış orta əsrlər Azərbaycan dövlətlərinə dair guşələrin yaradılması, ədəbiyyatımızın zirvəsi olan dahi Azərbaycan mütəfəkkirlərinin büstlərinin qoyulması, habelə Türk dünyası tarixində böyük iz buraxmış Azərbaycanın şanlı Qarabağ zəfərinə dair xüsusi guşənin yaradılması razılaşdırılıb. İkitərəfli mədəni əməkdaşlığın genişləndirilməsi, ortaq layihələrin reallaşdırılması, Ordu şəhərində Azərbaycan incəsənəti həftəsinin təşkili və Türk Dövlətləri Muzeyində Azərbaycanla bağlı guşələrin yaradılması Ordu Böyükşəhər Bələdiyyəsi və bölgə Mədəniyyət və Turizm idarəsi tərəfindən də təqdirlə qarşılanıb.
Görüş çərçivəsində muzeyin ayrı-ayrı bölmələri ziyarət olunub, müxtəlif rəqəmsal vasitələrə və hazırlanmış videomateriallara baxış keçirilib, təkliflər yerində dəyərləndirilib.
Sonda Azərbaycanın Qarabağ zəfərinə həsr olunmuş “Böyük zəfər: 44 gün, 23 saat, 43 dəqiqə” adlı yeni unikal nəşr muzeyə hədiyyə olunub.

Seçilən
51
50
teleqraf.com

10Mənbələr