AZ

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitabı nəşr olundu

ain.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən tanınmış soydaşlarımızın irsinin araşdırılması, tədqiqi və təbliği çərçivəsində Azərbaycan-Türkiyənin önəmli şəxsiyyətlərindən olan Əhməd bəy Ağaoğlu haqqında araşdırma və nəşr layihəsi həyata keçirilib.

Bu barədə Moderator.az-a Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Layihə çərçivəsində Azərbaycan və Türkiyənin tanınmış ictimai-siyasi xadimi, mütəfəkkir, yazıçı, hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun heç vaxt araşdırılmayan və çap olunmayan elmi-ədəbi məqalələri, xatirələri, memuarları, günlük yazıları, onun haqqında müsahibələr, tanınmış şəxsiyyətlərin fikirlərini əks etdirən arxiv materialları əsasında “Doğu ile Batı arasında bir mütefekkir: Ahmet Ağaoğlu” kitabı Türkiyə türkcəsində nəşr edilib.

Kitabı nəşrə azərbaycanlı tarixçi, araşdırmaçı Dilqəm Əhməd hazırlayıb.

Qeyd edək ki, kitabdakı materiallar Əhməd bəy Ağaoğlunun həyat hekayəsi və şəxsiyyətini dərindən tanımaq istəyənlər, habelə tarix və mədəniyyət məsələlərində fərqli bir perspektiv axtaran oxucular üçün əhəmiyyətlidir.

Əhməd bəy Ağaoğlu Azərbaycan ictimai fikir tarixində maarifçilik, millilik və modernləşmə ideyalarını bir araya gətirən qabaqcıl mütəfəkkir kimi xüsusi yer tutur. O, Şərq və Qərb dəyərlərini uzlaşdırmağa çalışan, milli düşüncənin formalaşmasında mühüm rol oynamış görkəmli ziyalılardandır.

Kitabda ilk dəfə olaraq tanınmış ictimai-ədəbi xadim Əhməd bəy Ağaoğlunun şəxsi arxivindən sənədlər, fotoşəkillər də verilib.

Azərbaycanın, Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada doğulan, xalqın maariflənməsində mühüm xidmətlər göstərən Əhməd bəy Ağaoğlu Türkiyə Cümhuriyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün yaxın silahdaşı, Anadolu Agentliyinin ilk direktorlar şurasının sədri olub.

Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, kitabın Ankara Dövlət Universiteti və İstanbul Universitetində geniş təqdimatının keçirilməsi, habelə Türkiyənin aparıcı Universitetlərinə, kitabxanalarına hədiyyə olaraq göndərilməsi nəzərdə tutulur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
5
moderator.az

6Mənbələr